“Pley-off oyunları kifayət qədər gərgin keçdi. Həm bizim, həm də “Neftçi”nin finala adlamaq şansı var idi. Qarşımıza qoyulan tapşırıq minimum həlledici duelə vəsiqə qazanmaq idi ki, bunun öhdəsindən gəldik".
Sportnet.az-ın məlumatına görə, bunu Yüksək Liqada mövsümün ən yaxşı qapıçısı seçilən EKOL-un üzvü Emin Kürdov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Azərbaycan millisinin qolkiper finala adlamağın asan başa gəlmədiyini bildirib: "Üç oyunçumuz sarı vərəqə limitini doldurduğuna görə, final oyunundan kənarda qaldı. Nəzərə alsaq ki, heyətimiz 12 nəfərdən ibarətdir və onlardan 2-si qapıçıdır, bu itkilərin hansı əhəmiyyət daşıdığını anlamaq çətin olmamalıdır. Bura rəqibin gücünü də əlavə edək. “Araz-Naxçıvan”ın heyətində kifayət qədər təcrübəli futzalçılar yer alıb. Komanda millinin bazasıdır. Legionerləri də komandaya güc qatırlar. Düzdür, “Araz-Naxçıvan”a cari mövsümün əsas mərhələsində ilk və yeganə yenilgini biz yaşatmışdıq. Onda tam heyətlə meydana çıxmışdıq, mübarizə apardıq, əzmkarlıq göstərdik və bunu bacardıq".
Mövsümü ikinci pillədə başa vurduqlarını söyləyən Kürdov gümüş medalı komandası üçün üçün uğurlu nəticə sayıb: "Qış fasiləsindən sonra əsas heyət üzvlərindən bir neçəsi komandadan ayrıldı. Onların gedişindən sonra güclənə bilmədik. Amma baş verənlərin fonunda finala vəsiqə qazandıq. Artıq neçə il idi bunu bacarmırdıq. Rəqibimizi çempion olması münasibəti ilə təbrik edir, Çempionlar Liqasında uğurlar arzulayıram".
O, ən yaxşı qapıçı seçilməsi ilə bağlı isə bunları deyib: "Maraqlı oyunlar keçirdik. Xüsusilə də pley-off mərhələsində hər iki görüşümüz gərginliyi ilə yadda qaldı. Bacardığım qədər komandama kömək etməyə çalışdım. Tək qurtarışlarımla yox, vurduğum qollarla da qələbələrimizdə pay sahibi oldum. Seçimə görə səs verənlərə təşəkkür edirəm. Yeni mövsümdə də statusumu qorumağa çalışacam”.