"Həm süni örtükdə oynadığımız, həm də "Şamaxı" evdə yaxşı təsir bağışladığı üçün matçın çətin keçəcəyini bilirdik. Komandamı təbrik edirəm. Futbolçularım əllərindən gələnin ən yaxşısını etdilər və layiqli qələbə qazandılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Şamaxıda eyniadlı komandaya 1:0 hesabı ilə qalib gələrək UEFA Konfrans Liqasına vəsiqə qazandıqları Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis ilk gündən avrokuboklara qatılacaqlarına inandıqlarını bildirib: "Oyunçular həmin inamı bizə verirdilər. Əlbəttə, enişlərimiz olurdu, amma klub olaraq, daha yaxşısına ümid edirdik. Bu komanda daha yaxşısına layiqdir. Komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı olacağıq".
"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev isə əvvəlcə rəqibi qələbə münasibətilə təbrik edib. Mütəxəssis məğlubiyyətin səbəbini bu cür izah edib: "Yenə azarkeşlərimizi sevindirə bilmədik. Qalib gəlmək üçün qol vurmaq lazımdır. "Qəbələ"dən daha çox qol şanslarımız olsa da, fərqlənə bilmədik. Qələbə qazana bilmədiyimiz üçün məyusuq".