"Legioner limitinin artırılmasının müsbət nəticə verə biləcəyi ehtimal olunur"
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasındakı legioner limitini dəyişdirməsi ilə bağlı danışarkən deyib.
Assosiasiya rəsmisi yeni limitin yerli futbolçuların inkişafına kömək edəcəyini bildirib: "Bu yöndə bir neçə aspekti qeyd edə bilərəm. Bunlardan biri rəqabətə dayanıqlı yerli futbolçuların inkişafıdır. 7+4 limitinin tətbiqi o deməkdir ki, minimum 4 yerli oyunçu meydanda ola bilər. "4-lüy"ə düşmək üçün futbolçular arasında rəqabət daha da güclənəcək və bu da rəqabətə dayanıqlı futbolçuların inkişafına gətirib çıxacaq".
Hacıyevin sözlərinə görə, digər aspektlərdən biri avrokuboklara yüksələn klublarla bağlıdır: "Qitəmiqyaslı klub turnirlərində limit yoxdur. 7+4 limitinin tətbiqi ilə komandalarımızın rəqabətə dayanıqlı olmalarına gətirib çıxarma ehtimalı böyüyəcək. Onu da qeyd edə bilərəm ki, rəqabətə dayanıqlı klubların çoxalması çempionatımızın inkişafına və gücləndirilməsinə gətirib çıxaracaq. Bu da milli komandanın müsbət nəticə göstərməsindən yan keçə bilməz". (Report)