"Azərbaycanın İtaliyada yaxşı işlər görə biləcək maraqlı gəncləri var. Xüsusən də, yığmada artıq debüt edən bəzi uşaqlar haqqında bu fikirdəyəm. Amma ad çəkmirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Torino.repubblica" nəşrinə müsahibəsində deyib.
66 yaşlı mütəxəssis Azərbaycan yığmasının hədəflərindən də söz açıb: "Millətlər Liqasında zirvəyə çatmağa çalışan komanda yaratmaq istəyirik. Qrupumuzda Slovakiya hamını qabaqlayır. Digərləri ilə birlikdə ikinci yer uğrunda mübarizə aparırıq".
İtaliyalı baş məşqçi bu gün Serbiyada üz-üzə gələcəkləri Belarusla görüşə də toxunub: "UEFA-nın sanksiyası səbəbindən səfər oyunumuzu Serbiyada, Novi-Sadda keçirəcəyik. 90 dəqiqə ərzində fikrimi yalnız matça cəmləməliyəm, başqa düşüncələrə yer olmayacaq".
Qeyd edək ki, bu gün “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.