"Qarabağ" komandası tarixində ilk dəfə Polşa "Lex"i ilə üz-üzə gələcək.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi ölkənin Poznan klubu ilə qarşılaşacaq 4-cü təmsilçisi olacaq.
Azərbaycan klubları indiyədək hazırkı Polşa çempionu ilə 8 dəfə üz-üzə gəlib, 1 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət əldə edib.
2005/2006 mövsümündə Yevlaxın "Kamran" komandası İntertoto Kubokunun I təsnifat mərhələsində bu komandaya rəqib olub. "Lex" Bakıda 2:1, Poznanda 2:0 hesabı ilə qalib gəlib.
2008/2009 mövsümündə "Xəzər Lənkəran" UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində bu komandaya rəqib olub. Lənkəran təmsilçisi Bakıda rəqibinə 0:1 hesabı ilə yenilib, "Lex"in yeganə qolunu hazırda Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski vurub. Poznandakı görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
2010/2011 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakı "İnter"i (hazırkı "Şamaxı") bu komanda ilə görüşüb. Bakıda "Lex", Poznanda "Şamaxı" eyni hesabla qalib gəlib. Penaltilər seriyasında isə Poznan təmsilçisi rəqibini 9:8 hesabı ilə üstələyərək mərhələ adlayıb.
2012/2013 mövsümündə "Xəzər Lənkəran" daha bir dəfə "Lex"lə görüşüb. UEFA Avropa Liqasının II təsnifat mərhələsində Lənkəranda rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Poznanda məğlub olub - 0:1.
Beləliklə, 100 yaşlı "Lex" 10 ildən sonra yenidən Azərbaycan klubuna rəqib olacaq.