"Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi "VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq.
martın 30-da start götürəcək yarışda qonşu ölkənin "Qalatasaray”, "Beşiktaş” "Bursaspor”, İngiltərənin "Çelsi” kimi tanınmış klubları iştirak edəcək. Püşkə əsasən, komandalar 4 qrupa bölünüb. "Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” yerli "Qalatasaray”, "Seyrantepespor” və "Özerspor”, həmçinin Almaniyanın "Berlin Türkiyemspor”, Danimarkanın "Nordsyelland” klubları ilə mübarizə aparacaq. "Qəbələ” martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da "Qalatasaray”la üz-üzə gələcək "qırmızı qaralar" qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də "Seyrantepespor”, 19:15-də "Özərspor”u sınağa çəkəcək "Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.
Hər qrupun iki ən yaxşısı 1 - 8-ci, 3-4-cü yer sahibləri isə 9 - 16-cı, 5-ci yeri tutanlar isə 17 - 20-ci yerlər uğrunda mübarizə aparacaq. Aprelin 2-də ilk iki "səkkizlik”də mübarizə aparanlar 2, "dördlük”dəkilər 1 matçda qüvvəsini sınayacaq. Turnirin son günündə isə həlledici qarşılaşmalar baş tutacaq.