"Asan qarşılaşma olmadı. Rəqib topa daha çox nəzarət edirdi".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Lex"inin futbolçusu Mixal Skuraş evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
22 yaşlı yarımmüdafiəçi düzgün müdafiə olunduqlarını bildirib: "Bütün komanda təşkilatlanmış şəkildə müdafiə olundu. Rəqibin üstünlüyünə baxmayaraq, onların 100 faizlik qol şanları yox idi".
Polşalı oyunçu ikinci hissədə daha yaxşı çıxış etdiklərini söyləyib: "Fasilədən sonra matça yeni nəfəs gətirən dəyişikliklər bizə yardımçı oldu. 50-ci dəqiqədən tempi artırdıq, rəqibə hücum qurarkən sərbəstlik vermədik. Həmlələrinin qarşısını almağa çalışdıq və onlar da səhv etdilər. Qol epizodunda da Mikael İshak hücumçunun dayanmalı olduğu yerdə idi. Bunun sayəsində 1:0 hesabı ilə qalib gəldik. Revanşdan əvvəl kiçik üstünlük qazandıq".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.