“Həmişəki kimi, bizi gərgin mübarizə gözləyir. Çətin olacaq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges dünya çempionatının əsas mərhələsindəki rəqiblər barədə azfutzal.az-a açıqlamasında deyib.
Braziliyalı legioner bütün görüşlərin finala bərabər keçəcəyini söyləyib: "Polşaya qarşı oynamamışam. Onların gücü haqda bir söz deyə bilmərəm. Amma onlarla müqayisədə Yunanıstan nisbətən zəifdir. Əlbəttə, hər oyunun öz məsuliyyəti, gedişatı var. Bizim üçün hər bir görüş finala bərabər olacaq".
Borges komandasının hər zamankı kimi bir məqsədinin olduğunu vurğulayıb. Müdafiəçinin sözlərinə görə, bu, əsas mərhələni birinci pillədə başa vurmaq və elit-raunda yüksəlməkdən ibarətdir: "Başqa yolumuz da yoxdur. Növbəti mərhələ haqda isə işimizin öhdəsindən gəldikdən və oradakı rəqiblərimiz müəyyənləşdikdən sonra danışmaq olar. İstəyirik yenidən dünya çempionatının final mərhələsinə yüksələk. Bacarmaq üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur, yaxşı hazırlıq keçməliyik”.
Qeyd edək ki, iyulun 7-də keçirilmiş püşkatmanın nəticəsinə uyğun olaraq Azərbaycan millisi 6-cı qrupda Polşa və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri elit-raunda birbaşa vəsiqə qazanacaq.