"Rəqib layiq olduğu qələbəni qazandı. Oyuna pis başlamasaq da, kobud səhvlərdən qollar buraxdıq. Bundan sonra "Sabah" daha inamlı oynadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, fərqi azaltdıqdan sonra ümidlənsələr də, ikinci hissənin əvvəlində buraxılan qol matçın taleyini həll edib: "Son zamanlar çox rahat qol buraxırıq, həm də ucuz səhvlərdən. Belədə istədiyimiz oyunu göstərmək çətin olur".
O, Təmkin Xəlilzadənin çıxışına da toxunub: "Mövsümün əvvəlidir. Ola bilər, kimsə gec formaya düşsün. Tək o yox, bir neçə oyunçumuz daha istəkli olmalıdır. Problemləri axtarıb, həll etməyə çalışacağıq. Əvvəla ucuz qollar buraxmamaq lazımdır. Daha aqressiv, istəkli olmalıydıq. Belə oynadıqdan sonra bu cür rəqibə qarşı şans olmur. Son iki oyunda aqressivlik və dinamikanın aşağı düşdüyünü görürəm. Səbəbi araşdıracağıq. Mənim üçün də naməlumdur".
Sadıqovun sözlərinə görə, heyət kasad olduğundan Hamidu Keytanın yoxluğu özünü hiss etdirməyə bilməz: "Hacıağa Hacılı, Dmitrios Çantakias da yoxdur. Filipe Paxtman yenidən zədələnib. Heyətdə itkilərimiz var. Futbolda belə problemlər olur. Qarşıda bizi 34 tur gözləyir. Əsas məsələ mövsümü uğurlu başa vurmaqdır. Problemləri mövsümün əvvəlində görmək daha yaxşıdır".
Mütəxəssis bir neçə mövqeyə yeni oyunçu axtardıqlarını söyləyib: "Heyəti genişləndirməliyik. Az oyunçu olması futbolçularda rahatlıq yarada bilər. 4-5 futbolçu transfer etmək istəyirik. Biri ilə razılaşmışıq, mərkəz yarımmüdafiəçisidir. İki günə Bakıda olmalıdır. Baxacağıq, olmasa, qışda oyunçular gətirəcəyik".
Ötən mövsümün asan keçmədiyini xatırladan baş məşqçi cari çempionatın daha rəqabətli olacağını vurğulayıb: "İlk turlar bunu deməyə əsas verir. Necə olacağını zaman göstərəcək. Yaxşı olacağına ümid edirik".