"Daha yaxşı olan komanda mübarizəni dayandırdı. Amma rəqibi təbrik etməliyəm. Demək olmaz ki, onlar mərhələni keçməyə layiq deyildilər. Amma düşünürəm ki, biz hər iki matçda daha yaxşı idik. Çempionlar Liqasının qrupuna düşə bilmədiyimiz üçün təəssüflənirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Çexiyada "Viktoriya" (Plzen) klubuna 1:2 hesabı ilə uduzduqları pley-off mərhələsinin cavab oyunu barədə "İndex" nəşrinə müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi komandanın UEFA Avropa Liqasındakı hədəflərindən söz açıb: "Qarabağ"ın seçmə mərhələlərdə "Lex" (Polşa), "Sürix" (İsveçrə) və "Ferentsvaroş" (Macarıstan) kimi ölkə çempionlarını mübarizədən kənarlaşdırması təsadüf deyil. "Qarabağ" uzun müddətdir ki, avrokubokların daimi iştirakçısıdır. Ötən il Konfrans Liqasının qrup mərhələsindən çıxdıq, ümid edirəm ki, bunu Avropa Liqasında da bacaracağıq".
Ozobiç Azərbaycan Premyer Liqasının səviyyəsi barədə də danışıb: "İnsanlar burada olan futbolçular haqqında az şey bilirlər. Yerli oyunçular çoxdur. Həm yerli, həm də əcnəbi futbolçular çox yaxşıdır. Azərbaycandakı çempionat Xorvatiyadakı ilə eyni səviyyədə deyil. Amma "Qarabağ", "Neftçi" və "Sabah" kimi klublar var. Həqiqətən pis olmayan bir neçə klub var".