
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də VI turun oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Antuan Kombuarenin baş məşqçi olduğu kollektiv PSJ-ni qəbul edib. Nant şəhərindəki "Bojuar Lui Fonteno" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 0:3.
Qolları Kilian Mbappe 18-ci və 54-cü, Nunu Mendeş 47-ci dəqiqədə vurub. Lionel Messi qollardan 2-nin məhsuldar ötürməsini verib. Ümumilikdə isə argentinalı hücumçu Liqa 1-də 32 oyuna 20 məhsuldar ötürmə ilə 2-ci yerə yüksəlib. Bu göstəricidə lider PSJ-nin sabiq futbolçusu, hazırda İtaliya "Yuventus"unda çıxış edən 31 oyuna 20 qol ötürməsi verən argentinalı yarımmüdafiəçi Anxel Di Mariyadır.
24-cü dəqiqədə isə "Nant"ın braziliyalı müdafiəçisi Fabio qırmızı vərəqə alıb.
Beləliklə, "Nant" 6 xalla 10-cu pillədə qərarlaşıb. PSJ isə 16 xalla liderdir.
Qeyd edək ki, "Qarabağ" və "Nant" Avropa Liqasının G qrupunda Almaniyanın "Frayburq" və Yunanıstanın "Olimpiakos" komandaları ilə birlikdə yer alıb. Azərbaycan klubu Fransa təmsilçisi ilə sentyabrın 15-də evdə, oktyabrın 22-də isə səfərdə qarşılaşacaq.