"Çox gərgin oyun oldu. Hər iki tərəf yaxşı oynadı. Futbolçularım xarakter göstərdi. Belə məqamda bu cür reaksiya vermələri sevindiricidir. Vacib 3 xal qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis əvvəlki görüşlərlə müqayisədə daha yaxşı oynadıqlarını bildirib: "Rəqibi təbrik edirəm. Belə bir komandaya qarşı yaxşı çıxış etdiyimizi düşünürəm.Ümumiyyətlə, “Sabah”la matçı çıxmaq şərtilə, bütün görüşlərimiz gərgin alınıb. Azarkeşlər üçün maraqlı oldu. Oyuna pis başlamadıq, amma sonra üstünlük rəqibə keçdi. Penaltidən sonra daha aqressiv oynadıq. Hər iki komanda topla oynamağı xoşlayır. Maraqlı mübarizənin şahidi olduq. İki tərəf də qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Dönüş etmək xarakter, usatlıq tələb edir".
Sadıqov penalti epizodunu şərh etmək istəmədiyini söyləyib: "Bizə qarşı da bu hallar olub, amma penalti təyin edilməyib, Bu barədə danışmaq istəmirəm".
O, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin fikirlərinə də toxunub: "Onun şəxsiyyətinə və işinə böyük hörmətim var. Ola bilsin, belə fikirləşir. Bu gün güclü tərəfin qalib gəlmədiyini düşünürsə, buna hörmətlə yanaşıram. Hər iki komanda qələbəyə layiq idi. Oyun çox sürətli gedirdi. Biz daha dəqiq olduq".
Baş məşqçinin sözlərinə görə, matçın taleyini Allah dəyişib: "Sonradan meydana çıxanlar oyunu canlandırdılar. Həlledici amil futbolçuların meydanda qəti və iradəli olması oldu. Qələbə qazanmağı düşünürdülər. Belədə istənilən nəticə əldə olunur".
Mütəxəssis yeni transferlərin çıxışını da dəyərləndirib: "Heyfsilənirəm ki, komandaya gec qoşuldular. Heyət geniş olanda manevr edə bilirsən. Kasad olanda isə oyuna güc qatmaq üçün əldə material olmur. Bu gün oyuna yaxşı daxil oldular. Optimal formaya keçəndən sonra daha çox fayda verəcəklər".
Sadıqov start heyətində Mehti Cənnətovun əvəzinə Anar Nəzirova şans verməsinin səbəbini də açıqlayıb: "Sadəcə, belə qərar verdik. Anar ötən mövsümün sonunda da yaxşı çıxış etmişdi. Bu gün ona şans verdik".
O, Rəhim Sadıxovda hücumçu keyfiyyətlərini gördüyünü vurğulayıb: "Usta oyunçudur, ağıllı və sürətlidir. Əvvəlki matçlarda da hücumda oynatmaq istəyirdim. Bu gün qəti fikrim oldu. Çox fayda verdi. Universal oyunçudur, bir neçə mövqedə oynaya bilər. Onu Kevin De Brüyneyə oxşadıram. Belçikalı yarımmüdafiəçi də müxtəlif mövqelərdə oynayır. Rəhim son dəqiqələrdə dayaqda da çıxış etdi".
Baş məşqçi əvəzedici komandaya göndərilən Təmkin Xəlilzadə ilə İlkin Muradovun taleyindən də danışıb: "Hər dəfə bu suala cavab vermək istəmirəm. Əvəzedici heyətdə oynayıb formalarını bərpa edirlər. Bu, onların karyerası üçün vacibdir. Yolumuza davam edirik. Daha yaxşı kollektiv olmaq istəyirik".
Sadıqov cari çempionatın karyerasının ən ağır mövsümü olduğu barədə fikirlərlə razılaşmadığını əlavə edib: "Qəti bu barədə düşünmürəm. Bəlkə, mövsümün sonunda belə deyəcəyəm. Əksinə, çox sakitəm. Oyun ərzində reaksiya verə bilərsən. Ən çətini "Zirə"dəki ilk mövsümümün sonunda olub. Həm kubok, həm çempionatda elə hadisələr oldu ki, həmişə yadımda qalacaq. Bilmirəm, bəlkə ondan daha betər mövsümlər də olacaq".