
"Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq".
Sportnet.az-ın Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Veşoviç "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı müdafiəçi rəqibi analiz etdiklərini bildirib: "Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik".
Monteneqrolu oyunçu kollektivdə ab-havanın yaxşı olduğunu söyləyib: "Rəqib Almaniyada birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq".
Qeyd edək ki, sentyabrın 8-də "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.