
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini keçə bilməyib.
Görüşün 35-ci dəqiqəsində qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra komandanın hücumlarının kəsəri daha da artıb. 38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan iki dəqiqə sonra növbəti dəfə qonaqları məyus edib. Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.
Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.
--------------------------------------
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Sportnet az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.
Hazırda 13 xalı olan qonaqlar B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
20:00. Azərbaycan - Qazaxıstan - 3:0
Qollar: Aleksandr Maroçkin, 67 (öz qapısına). Filip Ozobiç, 74. Anatoli Nuriyev, 90+1
Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, "Dalğa Arena" stadionu
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.