"Arema" və "Persebaya" komandaları arasında keçirilmiş futbol üzrə İndoneziya çempionatının XI tur oyunundan sonra 127 nəfər dünyasını dəyişib.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, matçın final fitindən sonra meydan sahiblərinin azarkeşləri iğtişaşlar törədib.
Təhlükəsizlik əməkdaşları oyunçuları hadisə yerindən kənarlaşdırıb. Daha sonra tərəfdarlar meydana girib və onlarla polis arasında qarşıdurma baş verib. Fanatlar təhlükəsizlik əməkdaşlarına müxtəlif əşyalar atıb. Polislər buna cavab olaraq dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər.
Bu, izdihamda çaxnaşmaya səbəb olub. Azarkeşlərin çoxu ətrafa səpələnməyə başlayıb. Onlardan bəziləri yıxılaraq kütlənin ayaqları altında qalıb.
Gözyaşardıcı qazdan istifadədən sonra tərəfdarların nəfəs almasında problem yaranıb, onlar huşlarını itirərək qazona yıxılıblar. Polisin məlumatına görə, stadionda izdiham zamanı 34 nəfər vəfat edib, digər zərərçəkənlər isə xəstəxanada dünyasını dəyişib. Ölənlər arasında iki polis əməkdaşı da var.
Ölkənin təhlükəsizlik naziri tamaşaçıların sayının stadionun maksimal tutumunu keçdiyini bildirib. 38 min azarkeş tutumu olan stadionda qarşılaşma üçün 42 min bilet satılıb.
Hadisədən sonra İndoneziya Futbol Assosiasiyası matçları bir həftəlik dayandırıb, həmçinin həmin arenada mövsümün sonunadək qarşılaşmaların keçirilməsi qadağan olunub.
Qeyd edək ki, görüş "Persebaya"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.