"Şaxtyor" Ukrayna Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olub.
Sportnet.az xəbər verir ki, Donetsk təmsilçisi son turda “Poltava”nı 4:0 hesabı ilə məğlub edərək tarixində 16-cı, son 10 ildə isə 7-ci çempionluğunu rəsmiləşdirib.
Türkiyəli Arda Turanın baş məşqçi olduğu kollektiv eyni zamanda UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsində iştirak hüququ qazanıb.
Donetsk klubu buna UEFA-nın “rebalans” sistemi sayəsində nail olub. Ukrayna çempionu olan “mədənçilər” namizədlər arasında ən yüksək UEFA klub reytinqinə sahib komanda kimi birbaşa liqa mərhələsinə yüksəlib.
"Şaxtyor" üçün əsas rəqiblər sayılan Şotlandiya "Reyncers"i və Yunanıstan "Olimpiakos"u isə öz ölkələrinin çempionu olma şanslarını itiriblər.
Arda Turanın komandası Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasına üçüncü səbətdən qatılacaq. Püşkatma avqustun 27-də keçiriləcək, ilk turun oyunları isə 8 - 10 sentyabra təsadüf edəcək.

















































































