“Sabah” 2025/26 mövsümündə “Qızıl dubl”a imza atıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Bizon Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.
Bu, klub tarixində ilk “Qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.
Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “Qızıl dubl” gerçəkləşdirib.
“Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var.
“Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb.
“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir.
Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb.
Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.














































































