"Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Əfsanəvi Valeri Lobanovski komandalarının vizit kartı ilk dəqiqələrdən rəqibə təzyiq etmək, daha sonra geri çəkilərək fürsət gözləmək idi. "Neftçi" də oyununu belə keçirir. Siz də Lobanovskinin oyun sistemini xoşladığınız üçün belə çıxış edirsiniz?
- Lobanovski böyük əfsanə, böyük baş məşqçi olub. Deməzdim ki, mən onu çox yaxşı tanıyıram və sistemini tətbiq etməyə çalışıram. Sadəcə, biz "Neftçi" adına layiq oyun nümayiş etdirməyə çalışırıq. Bu, elə bir komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməli, pressinq tətbiq etməli, sonadək topa sahib olmağa çalışmalıdır. Özünüzdən aşağı pillələrdə gedən komandalara daha tez qol vurursansa, sonradan oynamaq daha da asan olur. Bəzən bu, bizdə yaxşı alınır. Məsələn, bugünkü oyunda çox tez qol vursaq da, fasiləyədək çoxsaylı epizodları qola çevirə bilmirdik. Bununla belə, ilk yarıda edə bilmədiklərimizi ikinci hissədə etdik. Çox xoşdur ki, yetirmələrim bunu dərk edirlər və oyunun əvvəllərindən arxaya oturaraq, heç də elə futbol sərgiləmirlər. "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda fərqli taktika seçdik. İki nömrə kimi çıxış edirdik. Bu da bizə uğur gətirdi.
- "Neftçi" "Qarabağ"ı 5 ildir məğlub edə bilmirdi. Bunu sizin baş məşqçiliyiniz dövründə bacardı. Komandanız "Sabah"ı da 3 ildir məğlub edə bilmir. Qarşıdakı oyuna xüsusi motivasiya ilə çıxaraq, sizinlə daha bir həsrəti bitirə biləcəksiniz?
- Başqa çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində "Zirə" ilə 3 xallıq fərq var. Amma bu heç nə demək deyil. Ona görə də "Sabah"la matçda yalnız nəticəyə oynayacağıq. Eyni zamanda onu da vurğulamalıyıq ki, "Sabah" hazırda 13 mayda "Zirə"yə qarşı keçirəcəyi Bizon Azərbaycan Kubokunun finalına hazırlaşır. Qalib gəlsələr, mövsümü iki titulla başa vuracaqlar. Biz də mövsümü 4-cü pillədə bitirmək üçün əlimizdən gələni etməliyik. Gəlin, kubokun finalını gözləyək, sonra "Sabah" barədə danışaq. Növbəti rəqibimiz haqqında əvvəlcədən fikir bildirməyək.
- Qapıçı mövqeyində dəyişikliyi "Qarabağ"a 1:5 hesablı məğlubiyyətdən sonra etdiniz. Düşünmürsünüz ki, bunu daha tez etmək lazım idi?
- Mən burada xüsusi bir şey görmürəm. Kenan Piriç yaxşı qapıçıdır, eynilə Emil Balayev də. Sadəcə, "Qarabağ"a böyük hesablı məğlubiyyətdən sonra Balayevə şans verməyi qərara aldım. Bu dəyişikliyə getməli idim. Nəticədə 4 oyunçu dəyişildi və bu, xeyrimizə işlədi. Gələcəkdə iki eynisəviyyəli qapıçımız var. Gələcəkdə öz səviyyələrini göstərməkdə davam etsələr, onlara növbə ilə şans verməyi düşünürəm.
- Bəs Vensan Abubakara şans verəcəksiniz?
- Hər bir oyunçuya şans veriləcək. Məndən Ağabala Salyanski barədə də soruşurdunuz. Görürsünüz ki, son 2 matçda şansı yaranır və çıxıb oynayır. Onun məşq prosesində göstərdiyi əzmkarlığı çox xoşlayıram və ona bu səbəbdən şans verirəm. Kim öz üzərində yaxşı çalışsa, ona şans veriləcək. Bu, bizim futbol həyatımızdır.





















































































