İspaniya La Liqasının XXXV turunda keçirilən “El-Klasiko”da "Barselona" doğma meydanda "Real Madrid" üzərində inamlı qələbə qazanıb.
Sportnet.az-ın məlumatına görə, “Sportify Kamp Nou” stadionunda baş tutan qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Alexandro Ernandesin idarə etdiyi matçda hesab 9-cu dəqiqədə açılıb. “Barselona”nın hücumçusu Markus Reşford fərqlənərək komandasını önə keçirib. Cəmi 9 dəqiqə sonra isə Ferran Torres hesab arasındakı fərqi artırıb və görüşün yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbədən sonra Hans-Diter Flikin rəhbərlik etdiyi komanda xallarını 91-ə çatdıraraq La Liqada çempionluğu vaxtından əvvəl təmin edib. “Barselona” bununla da klub tarixində 29-cu dəfə İspaniya çempionu olub.
77 xalla ikinci pillədə qərarlaşan Madrid təmsilçisinin isə mövsümün sonuna üç tur qalmış çempionluq şansı qalmayıb.

















































































