"Kəpəz"in futbolçusu Rauf Əliyevin Sportnet.az-a müsahibəsi
"Heç kimə artıq söz deməmişəm"
- Premyer Liqada 5 oyunluq cəza müddətiniz başa çatır. X turdan "Kəpəz"in əsas komandasında meydana çıxa bilərsiniz. Amma hələ məşqlərə başlamamısız. Belə bir halın baş verəcəyini gözləyirsiniz?
- Hələ bilmirəm. Hazırda əvəzedici komanda ilə məşq edir, oynayıram. Hər şeyi özüm üçün normal dəyərləndirirəm.
- "Kəpəz-2"də son 3 oyunda 3 qol vurmusunuz və komandaya 6 xal qazandırmısınız. Üstəlik, I Divizionda sarı vərəqə belə almamısınız. Premyer Liqada "Səbail"lə oyunda qırmızı vərəqə aldıqdan sonra belə nümunəvi oyuna sizi nə sövq etdi?
- Ümumiyyətlə, sarı vərəqə almağa meylli oyunçu olmamışam. Oyun mübarizəsində xəbərdarlıqla üzləşə bilərəm. Lakin heç vaxt önümdə boş yerə vərəqə görməmişəm. "Səbail" ilə qarşılaşmada cəzalanmağım isə yan xətt hakiminin sözlərimi yanlış başa düşməsi üzündən olmuşdu. Referi bunu protokolda da qeyd etmişdi. Həmin vaxt bildirmişdim ki, heç kimə artıq söz deməmişəm. Nə isə... Bunlar geridə qaldı.
- I Divizionda belə performans sərgiləməyinizdə təcrübəniz, yoxsa baş məşqçi Xaliq Mərdanovun rəhbərliyi altında çalışmağınız xüsusi rol oynayır?
- Xaliq Mərdanovun rəhbərliyi altında məşq edir, oynayıram. Hər şey normaldır. Karyerasının sonlarında onunla az da olsa, birlikdə "Qarabağ"da çıxış etmişik. Həmin vaxt mən futbola yeni başlayırdım. O vaxtdan Mərdanovla tanışlığımız yaranıb. Əsas odur ki, təcrübəm və oyunumla gənclərə yardımçı olmağa çalışıram. Sağ olsunlar, hörmətimi saxlayırlar. Hər şey yolundadır, birlikdə məşqlərimizi edirik. Əvəzedici heyətdə də komandaya kömək etməyə çalışıram. Harada olmuşamsa, bu niyyətimi mübarizə əzmim və oyunumla ortaya qoymuşam.
"Artıq hərəkət etməmişəm ki, üzr istəyim"
- Əsas komandaya qaytarılmaqla bağlı baş məşqçi Tərlan Əhmədova siz və ya komanda yoldaşlarınız, klub rəhbərliyi tərəfindən müraciət olubmu?
- Xeyr.
- Bəlkə Tərlan Əhmədov sizdən üzrxahlıq və ya hansısa addım gözləyir?
- Artıq hərəkət etməmişəm ki, üzr istəyim.
- "Kəpəz"ə əvəzedici heyətdə oynamaq üçün keçməmisiniz. Bu durum nə zamanadək davam edəcək?
- Bu gün "Kəpəz-2"də oynamaq sarıdan mənim üçün heç bir problem yoxdur. Qərar belədirsə, olsun. Hazırda əvəzedici komandadayam, gələcəkdə necə olacağını isə görəcəyik. Futbolçu həyatıdır, belə şeylər də olur. Əsas odur ki, can sağlığı olsun. Karyera baxımından, qalan məsələlər düzələn işlərdir.
- Qarşıdan "Kəpəz" - "Neftçi" oyunu gəlir. Biri sabiq, digəri isə hazırkı komandanızdır. Doğma meydanda keçiriləcək oyunu izləyəcəksinizmi və qarşılaşma ilə bağlı fikirləriniz necədir?
- "Kəpəz"ə uğurlar arzulayıram. Komanda uzun müddətdən sonra doğma azarkeşlər önündə oyuna çıxacaq. Bu, "Kəpəz"in üstünlüyüdür və yararlanmaq lazımdır. Məncə, ev oyununda xal qazanmaq olar. Uğurlar arzulayıram.
"Çətin qrupa düşmüşük, şanslar çox azdır"
- Azərbaycan millisinin baş məşqçisi Canini de Byazi ilə müqavilənin uzadılmasına münasibətiniz necədir?
- UEFA Millətlər Liqasında Qazaxıstan qrupdan çıxmağı bacardısa, Azərbaycan yığması da bunun öhdəsindən gəlməli idi. Elə də çətin qrup deyildi. De Byaziyə yenə də şans verdilər. Görək də... Hər şeyi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki oyunlar göstərəcək.
- Yeri gəlmişkən, AVRO-2024-ün seçmə mərhələsinin püşkünü Azərbaycan millisi üçün necə dəyərləndirirsiniz?
- Çətin qrupa düşmüşük. İsveç və Belçikaya baxanda şanslar çox azdır. Millimizə uğurlar arzulayıram.
- Azərbaycan millisi Belçika ilə son matçını 2021-ci il sentyabrın 2-də Bakıda keçirib və 1:1 hesablı heç-heçə edib. Həmin matçda qolu siz vurmuşdunuz...
- Bəli, 11 il əvvəl biz öz meydanımızda bunu bacarmışdıq. Oyunun sonlarında Mahir Şükürovun cinah asmasından sonra baş zərbəsi ilə hesabı bərabərləşdirmişdim. Ümidvaram ki, yenə də belə bir uğurlu nəticəyə imza atmaq mümkün olacaq.
"Mən də formada olduğum vaxt milliyə çağırılmırdım"
- Millidə De Byazi ilə aparıcı futbolçu Qara Qarayev arasında yaşanır. Hətta əsas kapitan Maksim Medvedev də baş məşqçi əleyhinə fikir bildirir. Bu məsələyə münasibətiniz necədir?
- Futbolda baş məşqçi - futbolçu anlaşmazlığı da baş verir. İndiki məqamda De Byazinin Qarayevi milliyə çağırmaması futbol ictimaiyyətində heç kim xoş qarşılamadı. Əlbəttə, baş məşqçi düz etmədi. Bu gün Qarayev "Qarabağ"ın əsas heyət oyunçusu, lideridir. Özü yaxşı formada olsa da, yığmaya dəvət edilmədi. Özü və daha sonra Medvedevin bu barədə fikir bildirməsi normaldır. Yəqin ki, Qarayev qarşıdakı oyunlara çağırılacaq. Nə bilim? Baş məşqçidir də, belə bir qərar verib. Bu gün komandanın rəhbəri odur. Ona görə heç kim De Byaziyə bir söz demir. Çünki onun reaksiyası "Baş məşqçiyəm, qərarı mən vermişəm" kimi ola bilər. Lakin hamı bilir ki, düz etməmişdi.
- Ümumiyyətlə, bəzi baş məşqçilər niyə lider oyunçularla yola getmirlər?
- Futbolçu karyerası ərzində hamının başına belə işlər gəlir. Mən də analoji halla üzləşmişdim. 2015 - 2017-ci illərdə "İnter"də (hazırkı "Şamaxı" - red.) çıxış etdiyim vaxt yaxşı formada idim, bombardirlər siyahısında yer alırdım. Amma ovaxtkı baş məşqçi Robert Prosineçki məni milliyə çağırmırdı. Hər dəfə "Rauf mənim oyun üslubuma uyğun gəlmir" deyirdi. Yəni, bu cür hallar çox baş verir.