“Qarabağ” avrokuboklarda bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”.
Sportnet.az "report"a açıqlamasında “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Gerye Ağdam klubunun cari mövsüm avrokuboklardakı çıxışı ilə bağlı danışarkən deyib.
Hazırda Kiprin “Olimpiakos” klubunun formasını geyinən haitili müdafiəçi Azərbaycan çempionunun UEFA Konfrans Liqasının 1/8 final mərhələsində 2023-cü il fevralın 16-da və 23-də Belçika “Gent”i ilə keçirəcəyi matçlarda şanslarını dəyərləndirib.
33 yaşlı sol cinah oyunçusu hesab edir ki, “Gent”i, xüsusən də, Bakıda baş tutacaq ilk qarşılaşmada çətin sınaq gözləyir: “Gent”lə oyunlara hələ çox vaxt var. Yanvarda fasilə olacaq ki, ondan sonrakı dönəmdə komandaların hansı durumda olmaları önəmlidir. Bakıda “Qarabağ”la oynamaq istənilən komanda üçün çətindir. Bu mövsüm avrokuboklardakı nəticələrlə bunu bir daha sübut ediblər. “Qarabağ” evində istənilən komandanı məğlub etmək iqtidarındadır. Ümid edirəm ki, “Gent”i keçərək azarkeşlərini yenə sevindirər”.
Gerye “Qarabağ”ın bu mövsüm növbəti dəfə Azərbaycan Premyer Liqasının qalibi olacağını proqnozlaşdırıb: “Qarabağ” Azərbaycanda milli komanda kimi sevilir. Bu mövsüm də qarşısıalınmaz görünür. Hazırda ən yüksək səviyyədədirlər. Bütün mövqelərində böyük potensiala malikdirlər. Möhtəşəm futbol sərgiləyirlər. Hər şeydən önəmlisi strategiyası olan komandadır. Bu mövsüm aşkar görünür ki, Premyer Liqada onlara rəqib yoxdur. Çempionluq yarışında kiminsə “Qarabağ”ı qabaqlayacağına inanmıram. Baş məşqçi Qurban Qurbanov da uduzmağı sevməyən mütəxəssisdir. Yetirmələrini yaxşı tanıyır, daim onların arxasında durur. Futbolçular da ona görə döyüşürlər”.
Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib.