
"Pis oynadığımızı düşünmürəm. Epizodları məntiqli sonluğa çatdıra bilmirdik. Rəqib bizi əks-hücumda tutmağa çalışırdı. Bir şansları oldu və ondan da yararlandılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis növbəti görüşə hazırlaşacaqlarını bildirib: "Cavab matçında iki top fərqi ilə qalib gəlməliyik. Futbolda mümkünsüz heç nə yoxdur".
Rumıniyalı baş məşqçi yerli oyunçularla bağlı problemlərinin olduğunu söyləyib: "Eddi İsrafilov zədələndi, Azər Salah isə tempi eyni səviyyədə qoruya bilmir. Sonradan qarşılaşmaya qoşulanların pis oynadığını düşünmürəm. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq".
Regekamf "Qarabağ"a 0:4 hesablı məğlubiyyətin komandaya təsir etməməli olduğunu sözlərinə əlavə edib: "Kifayət qədər keyfiyyətli futbolçularımız var. İnanıram ki, hər şey gələcəkdə daha yaxşı olacaq".
Mütəxəssis növbəti oyunlara köklənməli olduqlarını diqqətə çatdırıb: "Futbolçularımıza inanmalıyıq. Premyer Liqa matçlarında da qalib gəlməliyik. Komandamız ölkə kubokunda da mərhələ keçməlidir".