"Gəncədən xalla qayıtmaq çox önəmli idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan son mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis rəqibin kompakt şəkildə müdafiə olunduğunu bildirib: "Sıx müdafiəni yarmaq çətin idi. Daha çox asmalardan və ara ötürmələrindən istifadə etməli olurduq. Rəqib əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq".
Musayev komandanın son oyunlarda qırmızı vərəqələr almasına da toxunub: "İlk "qırmızı"da intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bu gün isə ümumiyyətlə, vərəqə yox idi. Top meydandan çıxmışdı. Yan xətt hakimi buna işarə edirdi. 4-cü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi. Fiziki durumdan çox beynimizdə nə baş verdiyinə baxmalıyıq. Fiziki durum pis olsaydı, son dəqiqələrdə qollar vurmazdıq".
Qeyd edək ki, "Sabah"ın futbolçusu Ceyhun Nuriyev 90+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.