
“Ardıcıl iki məğlubiyyətdən sonra komandanı toparlamaq bir az çətin idi. Bu gün hər iki tərəf üçün layiqli nəticə elə heç-heçə idi”.
Sportnet.az-ın məlumatına görə, bunu “Kəpəz”in baş məşqçi Tərlan Əhmədov “Sabah”la 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
Çalışdırıcı qarşılaşmada komandanın hər iki qolunun müəllifi olan nigeriyalı futbolçu Abdullahi Şuaybunun oyununu yüksək qiymətləndirib: “Şuaybu bir müddət əvvəl zədə aldı, oyununda geriləmə oldu. O, aqressivliyi ilə və rəqib müdafiəçiləri təzyiq altında saxlamaqla Azərbaycanda bir nömrədir. Yaradıcılığı o qədər yüksək olmasa da, qol duyumu yaxşıdır. Hələ cavandır, onunla kimlərinsə maraqlanması normaldır. Artıq eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”.
O, əsas komandadan uzaqlaşdırılan Əfran İsmayılovun mətbuata açıqlaması zamanı haqqında səsləndirdiyi sərt fikirlərə də münasibət bildirib: “Əfran İsmayılov, Elvin Yunuszadə kimi oyunçular komandaya xeyir verə bilmədiyi üçün mən də gəncləşdirmə siyasəti aparıram. “Kəpəz”ə, Azərbaycan futboluna yeni nəsil gəlməlidir. Əfran İsmayılov müsahibəsində haqqımda nə deyibsə, Allahı bilsin, özü bilsin”.
Əhmədov əlavə edib ki, yaşlı futbolçularla yolları ayırmaqda məqsədləri yerli gənclərə yol açmaqdır: “Bəzi futbolçuların əsas heyətdən göndərilməsinin altında heç nə dayanmır. Gəncə futbolun beşiyidir. Sonuncu dəfə nə vaxt “Kəpəz”in futbolçusu əsas millidə oynayıb? Mahmud Qurbanovdan sonra Gəncə futbolundan Azərbaycan yığmasına yollanan olub? Mahmud Qurbanov da 10 ildən çoxdur ki, futbolçu karyerasını bitirib. Bu gün bütün fikrimiz Gəncə futbolunun yetirmələrinə üstünlük vermək, onları üzə çıxarmaqdır. Xüsusən də, U-21 yığmasına namizəd oyunçularımızın üzərində işləyirik”.
51 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində bir neçə oyunçu ilə vidalaşacaqlar: “Siyahı artıq rəhbərliyə verilib. Heyətə cəlb olunacaq futbolçularla yeni komanda formalaşdıracağıq. Rəhbərliyə də yazılı surətdə müraciət etmişəm ki, güclü rəqiblərlə ayaqlaşacaq heyət qurmaq üçün gənclərə ehtiyacımız var. Yerli futbolçularla yanaşı, bir neçə əcnəbi futbolçu da gətirəcəyik. Xüsusən də, hücum xəttinə, müdafiənin və yarımmüdafiənin mərkəzinə həm yerli, həm də əcnəbi futbolçular axtarışındayıq”.