"Nəticə önəmli deyil. Addım-addım çalışırıq ki, zədəli oyunçuları bərpa edək. Komandanı ilk rəsmi oyuna hazır edək".
Sportnet az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışında Polşanın "Medz Leqnitsa" klubuna 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.
Rumıniyalı mütəxəssis zədəlilərin qayıdışına görə çox xoşbəxt olduğunu bildirib: "Onlara kömək etməliyik ki, qayıtsınlar və komandanın ritminə uyğunlaşsınlar. Sezar Meza Kolli uzun müddət idi oynamırdı. Hazırda ağrısızdır. Düşünürəm ki, gələcəkdə problem olmayacaq. Voislav Stankoviçin də müalicəsi bitib və bizimlədir. Problemlərimiz var. İnanıram ki, getdikcə daha yaxşı olacağıq".
O, Misli Premyer Liqasının XIX turunda "Sabah"a qarşı keçirəcəkləri oyun haqqında da danışıb: "Ümid edirəm ki, bütün oyunçular bu matça qədər hazır olar. Asan olmayacaq. Məşqlər bizim üçün önəmlidir. Yoxlama oyunlarının nəticəsinin əhəmiyyəti yoxdur. Mənim üçün önəmli olan təlim-məşq toplanışını zədəsiz bitirək".