Rusiya Premyer Liqasında çıxış edən "Ximki" klubuna transfer qadağası qoyulub.
Sportnet.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib.
Klub "Joint Industries Limited Partnership" şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib. Bildirilib ki, "Ximki" üzərinə götürdüyü şərtlərə əməl etsə, qadağa ləğv oluna bilər.
Qeyd edək ki, "Ximki" klubunun səhmdarı azərbaycanlı iş adamı Tufan Sadıqovdur. AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də hazırda bu komandada çıxış edir.