“Əvvəlcədən də demişdim ki, hazırlıq üçün vaxtımız az oldu. Bu da FİFA-nın təyin etdiyi vaxtla əlaqədardır".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsində Yunanıstana 5:2 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis bildirib ki, bugünkü matç həm də Polşa ilə görüşə hazırlıq xarakteri daşıyıb: "Afinadakı oyunla müqayisədə Bakıda qapımızdan 2 qol buraxdıq. Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı".
Da Silvanın sözlərinə görə, komandası elit-raunda vəsiqəni təmin etsə də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır: "Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq".
Baş məşqçi futzalçı Xətai Bağırovun zədələndiyi epizodu görmədiyini vurğulayıb: "Durumu haqda da indi bir söz deyə bilmərəm. Həkim müayinə edəcək, ondan sonra bizə məlumat verəcək. Ümid edirik ki, ciddi olmayacaq və səfərə tam heyətlə yollanacağıq”.