Futbol üzrə İtaliya Kubokunda 20222/2023 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu ada ardıcıl ikinci mövsüm "İnter" komandası sahib çıxıb.
Simone İnzaginin baş məşqçi olduğu kollektiv finalda "Fiorentina"nı məğlubiyyətə uğradıb - 2:1. Romanın "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşmada ilk qolu 3-cü dəqiqədə Florensiya komandasının futbolçusu Nikolas Qonsales vurub. Lakin Lautaro Martines 29-cu və 37-ci dəqiqələrdə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib. Argentinalı hücumçu həm də "İnter"də qol sayını 101-ə çatdırıb.
Beləliklə, "nerazzurri" tarixində 9-cu dəfə İtaliya Kubokunu qazanıb.
Qeyd edək ki, "İnter" UEFA Çempionlar Liqasında da finala yüksəlib. Komanda iyunun 10-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək həlledici görüşdə "Mançester Siti" ilə üz-üzə gələcək.