
"Çox yaxşı komandaya qarşı məğlub olduq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Bu gün səviyyə fərqinin şahidi olduq. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi".
O, "Hesab səviyyə fərqinin göstəricisidir" sualına belə cavab verib: "Yox deməzdim. Bu gün 5 qol vurublarsa, bu, onların bacarığıdır. Sadəcə bunu deyim ki, problem bizdə deyildi, onlarda idi. "Bayer" çox yaxşı komandadır. Onların ustalıq səviyyəsi aşağı olan futbolçuları yoxdur. Öz oyun sistemlərini yaxşı yerinə yetirirdilər".
Q.Qurbanov "Bayer"ə qarşı noyabrın 9-da Bakıda keçirəcəkləri matç haqqında da danışıb: "Dünən də bildirdim ki, Almaniya komandaları heç bir oyuna arxayın çıxmırlar. Xabi Alonso istəyir ki, öz oyununu daha da yaxşılaşdırsın. Belə oyunlar onun üçün çox böyük şansdır. İnanmıram ki, onlar Bakıda meydana arxayın çıxsınlar. "Bayer"in heyətində də elə bir futbolçu yoxdur ki, arxayınlaşsın. Çünki ustalıq səviyyələri yuxarıdır".
Baş məşqçi "Azərbaycan klublarının bu cür rəqiblərlə oynaması üçün nə lazımdır" sualına "Məncə, bu gün bu, müzakirə mövzusu deyil. Özünüz diqqətlə baxırsınızsa, çox gözəl bilirsiniz. Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Hərtərəfli fərq var. Bunu öz vətənimizdə müzakirə etsək, daha yaxşı olar" - deyə cavab verib.
O, futbolçusu Julio Romaonun 90 dəqiqə meydanda qalmasına və əvəzlənməməsinə də toxunub: "Səbəbi yoxdur. Bəzi futbolçular var idi ki, onlara tapşırıq verilmişdi, yerinə yetirirdilər. Futbolçular hansısa epizodda çatmırdılarsa, o demək deyil ki, zəif oynayırdılar. Rəqibin də bacarığını nəzərə almaq lazımdır. Romaonun belə oyunlarda meydanda olması lazımdır. Yankoviç isə zədədən qayıtmışdı. Bacardığı qədər komandaya kömək edə bilirdi".