"Qarabağ" klubunun prezidenti Tahit Gözəlin MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final oyunundan sonra Sportnet.az-ın Xankəndiyə ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
- Tarixi oyunda uzatma dəqiqələrində vurduğunuz qolla qələbə qazandınız. Hansı hissləri keçirdisiniz?
- Bu gün keçirdiyim xoş hisslərin tərifi yoxdur. Biz 2002-ci ildə “Qarabağ”ı aldığımız gündən bəri hər gün oyundan sonra öz adımıza danışanda, həmişə deyirdik: “Gün olar biz Qarabağda qarabağlı kimi öz stadionumuzda oynayarıq”. O vaxtdan 21 il keçib. Hər dəfə hər oyundan sonra bunu təkrarlayırdım. Və 21 il sonra biz buna bu gün nail olduq. Çox gözəl ab-havada, mənəvi bir ambiansda çox gözəl oldu. Oyun da əla alındı. Axrıncı dəqiqəyə qədər MOİK gözəl hücumlar edirdi. Onları təbrik edirəm. Ordumuza yaraşan, qəhraman kimi mübarizə apardılar. Bizə gəldikdə, baş məşqçimiz Qurban Qurbanov əsas oyunçuları yavaş-yavaş oyuna daxil etdi. Ssenari yazsaydıq belə, oyunu bu cür maraqlı edə bilməzdik.
- Prezident İlham Əliyev çıxışında bildirdi ki, “Qarabağ”ın MOİK-lə qarşılaşması rəmzi məna daşıyır. Sizcə, bu, bir təsadüf, yoxsa zərurət idi?
- MOİK bu zəfərin bədənidir, qanıdır, canıdır. “Qarabağ” isə bu zəfərin ruhu idi. Hansı ki, dünyanı gəzirdi, bu adı dünyaya tanıdırdı. Bu gün əslində ruh və bədənin bir yerə qovuşması idi. Ona görə bundan daha mənalı birləşmə ola bilməzdi. Hesab edirəm ki, bu da cənab Prezidentimizin dahiliyidir. Biz adətən öyrəşmişik tarixi kitablardan oxumağa. Bu gün biz o kitabın içindəyik.
- Məsələnin mənəvi tərəfi öz yerində, bəs Xankəndi stadionunun özü sizdə necə təsir bağışladı?
- Mən son 2 ayda burada görülən işlərə heyran qaldım. Burada zəhmət çəkən hər bir insanın alnından-gözündən öpür, ürəkdən təbrik edirəm. Çox gözəl işlər görülüb. Əlbəttə, stadion beynəlxalq standartlara uyğun deyil, çünki 2 ayda bunu çatdırmaq mümkünsüzdür. Bunun üçün çox vaxt lazımdır. Prezidentin özü “İmarət” stadionunun müjdəsini verdi. Sanballı, gözəl stadion olacaq.
- Avropa Liqasında da tarix yazaraq, ilk dəfə pley-off mərhələsinə yüksəldiniz. Portuqaliya "Braqa"sı ilə görüşdən nə gözləyirsiniz?
- "Qarabağ" Avropa Liqasında Azərbaycan xalqında elə bir özgüvən yaradıb ki, gəlib bizə "Portuqaliya klubu çıxıb, rahat keçmək olar" deyirlər. Əslində qarşımızdaki rəqib çox ağır, çox güclüdür. Bilirsiniz, Portuqaliya İspaniya kimi futbolun vətənlərindən biridir. Qarşımızda çox böyük, nəhəng rəqib var. Büdcələri “Qarabağ” klubunun 10 qatıdır. Amma “Qarabağ”da elə bir ürək var ki, mən futbolçularla danışanda, hər kəsin o oyuna əzmlə çıxacağını gördüm. Arzum budur ki, komanda Almaniya "Bayer"i ilə Bakıdakı oyunda olduğu kimi, qəhraman ruhu ilə meydana çıxsın.
- Komanda heyət baxımından güclənəcək?
- Hər zaman deyirəm, bu, Qurban Qurbanovun tam səlahiyyətindədir. Qurban müəllim nə desə, biz klub rəhbərliyi olaraq, hər zaman hazırıq.
- Püşkatmanın sonlarında mümkün rəqib qismində cəmi 3 komanda qalmışdı. Türkiyə “Qalatasaray”ı və Ukrayna “Şaxtyor”u və “Braqa”. Sizcə, bunlardan ən münasibi “Braqa” idi?
- Püşkdə çox ağır klublar var idi. Əslində, “Qalatasaray”la üz-üzə gəlmək istəməzdim. Nə özümüz, nə də onlar üçün. Çünki biz xalqımız üçün qabağa getməliyik. Orada hətta zarafatla dedik ki, biz həmişə sizinlə oynamağa şadıq, amma burada bir-birimizə rəqib olmayaq, inşallah, yarımfinalda qarşılaşaq. “Şaxtyor” özü də güclü komandadır. Qarşımızdaki klub da çox ciddi rəqibdir. Çox yaxşı hazırlaşmalıyıq. Oyunçularla, Qurban müəllimlə danışanda, hamısına bu oyunun nə qədər vacib olduğunu dəfələrlə vurğulamışam. Çox şükür, onlar bunu, mən demədən də bilirlər. Ümidvaram ki, biz oradan uğurla qayıdacağıq.