"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Araz-Naxçıvan"da ilk qələbəmizdir. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq.
- Oyuna müdafiəyəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi...
- Oyun seçimi mənim idi. Mən daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur.
- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. "Zirə"ni daha yaxşı incələyirsiniz...
- Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə, hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.
- Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Sxadadze dedi ki, bura gəlməklə imicimi qurban verdim. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?
- Paya ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, orads məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks iş tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Kaxaber Sxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər.
- Hakim qərarları haqda nə düşünürsünüz?
- Qərəz yox, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Matçın nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır.
- Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir?
- Səhv və qərəzli qərarlar başqa nüanslardır. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burada da görmədim. İsti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır.