Mövsümün sonunda "Zirə"dən ayrılan Vladislav Kulaç Bakı klubundakı çıxışını şərh edib.
Sportnet.az xəbər verir ki, ukraynalı hücumçu komandadan gedişinə də münasibət bildirib:
"Ötən mövsüm əldə olunan nəticələr komanda üçün olduqca yaxşıdır. Çempionatda “Qarabağ”dan sonra ikinci komanda oldu. Bu baxımdan mövsümü uğurlu saya bilərik. Mənə gəlincə, təbii ki, daha yaxşı ola bilərdim, amma mikrozədələr imkan vermədi. Lakin bütövlükdə həm mənim, həm də komanda üçün yaxşı mövsüm oldu. Azərbaycan çempionatındakı oyun səviyyəsi ilə Ukraynadakı arasında ciddi fərq olduğunu deyə bilmərəm. İndi hər ölkədə futbol oynamağı bacarırlar. Fikrimcə, yerli çempionat rəqabət və mübarizə baxımından ildən-ilə inkişaf edir. Bu mövsüm son turdan sonra ikinci yeri də tuta bilərdik, beşinci yeri də. Mübarizənin son ana qədər davam etməsi çox maraqlıdır".