
“Roman Qriqarçukun “Neftçi”də uğur qazanacağına çox inanıram”.
Sportnet.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında “Qəbələ” klubunun ukraynalı sabiq qapıçısı Dmitri Bezotosnı həmyerlisi Roman Qriqorçukun “Neftçi”yə baş məşqçi təyin olunması barədə danışarkən deyib.
Vaxtilə “Qəbələ”də 59 yaşlı mütəxəssisin rəhbərliyi altında oynamış veteran qolkiper onun yenidən Azərbaycanda işləməsinin maraqlı olacağını bildirib: “Daha əvvəl “Qəbələ”də işlədiyi dövrlərdə tarixi uğurlara imza atıb. “Neftçi” Azərbaycanın ən böyük klublarından biridir, güclü azarkeş dəstəyi var. Qriqorçuka uğurlar arzu edirəm. İstərdim ki, klub rəhbərliyinin müəyyənləşdirdiyi hədəflərə çatsın və fanatların sevgisini qazana bilsin. Onun kimi mütəxəssislə “Neftçi”də işləmək mənim üçün şərəf olardı”.
40 yaşlı keçmiş qapıçı ukraynalı çalışdırıcının “Neftçi”ni çətin durumdan çıxaracağına inandığını söyləyib: “Buna çox inanıram. Azarkeşlər də ondan yaxşı nəticələr gözləyirlər. Hazırda Azərbaycan Premyer Liqasında “Qarabağ” kimi güclü komanda var. Bu klubu çempionluq taxtından endirmək çətin olacaq. Heç bir komanda barədə mənfi fikir səsləndirmək istəmirəm. Ona görə yox ki, hansısa kollektiv zəifdir. Lakin Ağdam təmsilçisi indiki məqamda maraqlı və balanslı oyun nümayiş etdirir”.
2015-2019-cu illərdə “Qəbələ”də çıxış etmiş D.Bezotosnı sabiq komandasının Premyer Liqa ilə vidalaşmasına da münasibət bildirib: “Çox üzücü haldır. Bu məlumatı eşidəndə “Qəbələ” ilə qazandığım uğurları xatırladım. İnanıram ki, komanda yenidən əvvəlki səviyyəyə qayıdacaq”.
Qeyd edək ki, “Neftçi” Roman Qriqarçukla 2 illik müqavilə imzalayıb.