
“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev "Azərtac"ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ” futbol akademiyasına koordinator təyin olunduqdan sonra aşağı yaş qruplarında uğurlu nəticələr əldə olunur. Bunun səbəbi nədir?
- Burada ən başlıca səbəb “Qarabağ” rəhbərliyinin akademiyanın inkişafı üçün atdığı addımlardır. Yeni təyin olunan məşqçilər də kluba nəfəs verdi. Struktur dəyişikliyi olduqdan sonra skaut şöbəsi açıldı. Gələcəkdə də vacib olan bölmələrin açılması üçün çalışacağıq. Akademiyada işləyən mütəxəssislərin məsuliyyəti sayəsində uğurlu nəticələr qazanmağa başladıq. Lakin hələ heç nə bitməyib və qarşıda görüləcək çox iş var.
- Maraqlıdır, Aftandil Hacıyevin akademiyadakı iş prinsipi necədir?
- Əlbəttə, hər rəhbərin və məşqçinin özünə aid prinsipləri olur. Ən önəmlisi, nizam-intizam qaydalarına riayət etməlisən. Biz də oyun üslubumuza uyğun mütəxəssisləri akademiyaya cəlb edirik. Bir komandaya öz taktikanı aşılamaq qısa zaman alsa da, bunu akademiyada etmək üçün kifayət qədər vaxt lazımdır. Lakin bunun öhdəsindən gəldiyimizi düşünürəm.
- Hazırda akademiyada tərkibində gələcək üçün ulduz sayıla biləcək uşaqlar varmı?
- Təkcə “Qarabağ”ın akademiyasında deyil, digər klublarda da istedadlı, hətta deyərdim ki, Avropa səviyyəsinə qalxa biləcək futbolçular var. Sadəcə, həmin gəncləri nəzarətə götürməli, fərqli mühitdə böyütməli və güclü məşqçilərin yanında çalışmağa yönləndirməliyik. Kişikyaşlı uşaqların inkişafı yalnız klubdan asılı olmamalıdır, burada federasiyanın da işi önəmlidir.
- Adətən deyirlər ki, aşağı yaş qruplarında çempionluq elə də önəmli deyil. Siz bu fikirlə razısınız?
- AFFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak edən hər bir komandanın hədəfi çempionluq olur. Lakin bizim ilkin məqsədimiz bu deyil. Əsas hədəf akademiyadan yeni gənc futbolçular çıxarmaqdır. Əlbəttə, peşəkar oyunçu olmaq çox çətindir. Bu, futbolla məşğul olan hər gəncin arzusudur.
- Xarici klubların akademiyasında baxışda olan futbolçularınız varmı?
- Təkliflər olur. Sadəcə, buna qısa zamanda qərar vermirik. Çünki kiçikyaşlı uşağı harasa göndərmək üçün əvvəlcə həmin yer haqqında məlumat toplamalıyıq. Bilməliyik ki, bizim akademiyanın futbolçusu hara gedir. Lakin tətil vaxtlarında oyunçuların sərbəst şəkildə başqa akademiyalara baxışa getməyinə icazə veririk. Çünki hər bir gəncin arzusu böyük komandalarda oynamaqdır. Biz də bunun qarşısını almırıq.
- İndiki məqamda seleksiya işlərini necə və hansı bölgələrdə aparırsınız?
- İl ərzində seleksiya işləri aparırıq. Bölgələrə səfər edəcəyik. Kiçikyaşlı uşaqları yaşadığı rayondan Bakıya gətirmək çətindir. Hazırda yaşı 14-dən çox olan oyunçuları icarəyə götürdüyümüz yerdə məskunlaşdırmışıq. Daha azyaşlılar isə valideynləri ilə məşqlərə gəlirlər. Həmin yaşda olan uşaqların valideyn himayəsində olması daha önəmlidir.
- Azərbaycanda uşaq futbolunun problemləri barədə çox danışılıb. Siz əsas çatışmazlığı nədə görürsünüz?
- Problemlər var. Həlli olacaqsa, müzakirələr aparmaq olar. Bu barədə hər dəfə fikir səsləndirəndə məsələ ucuzlaşır. Hazırda stadionların vəziyyəti ürəkaçan deyil. Aşağı yaş qruplarında olan uşaqların infrastrukturu yaxşı olmayan meydançalarda oynaması həmin futbolçuların sağlamlığı üçün də ziyandır. Məşqçilərin beynəlxalq təcrübə qazanması üçün seminarlarda iştirak etməsi və turnirlərin daha çox olması inkişafa şərait yaradacaq. Düşünürəm ki, nə vaxtsa, bunun üzərinə düşsələr, digər klublarda olan rəhbərlər də fikirlərimi dəstəkləyəcəklər. Ən vacibi meydançaların ideal vəziyyətdə olmasıdır.
- Akademiya ilə bağlı gələcək hədəfləriniz nələrdir?
- Ən böyük hədəfimiz əsas milli komandaya futbolçu yetişdirməkdir. Bu, çox çətin prosesdir. Hətta “Qarabağ”ın əsas komandasında çıxış edən bəzi futbolçular belə, yığmanın heyətinə cəlb olunmaqda çətinlik çəkirlər. Çalışırıq ki, çəkdiyimiz əziyyətin bəhrəsini görək və ölkə futbolunu fayda verək.