Bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 tədbiri Azərbaycan Premyer Liqasının oyunlarına təsir göstərməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov ölkə çempionatının püşkatma mərasimində deyib.
PFL rəsmisi həmin müddətdə ölkədaxili yarışların keçirilməyəcəyini bildirib: “Biz bu məsələni hələ keçən mövsümün gedişindən müzakirə edirik. COP-29 vaxtı I Liqa, II Liqa, Əvəzedicilər Liqası və Azərbaycan Kubokunun oyunları keçirilməyəcək. Premyer Liqaya gəldikdə isə, xoş təsadüfdən həmin vaxt çempionatda milli komandaların oyunlarına görə fasilə olacaq. Yəni COP-29 Azərbaycan Premyer Liqasına hər hansı təsir göstərməyəcək. Bütün bunlar təqvimdə əksini tapacaq”.
Qeyd edək ki, COP-29 tədbiri noyabrın 11-dən 22-dək təşkil olunacaq.