Rusiya futzal yığmasının milliləşdirilən braziliyalı üzvü Eder Lima Avropa çempionatının final mərhələsində Azərbaycan millisiylə matçdan danışıb. Sportnet.az-ın məlumatına görə, ötən Avropa çempionatının bombardiri kimi "Qızıl buts”a layiq görülən hücumçudan millimizin müdafiəçisi Rafaelin ona qarşı hərəkətini soruşublar.
Belə ki, Rafaelin (o da milliləşdirilən braziliyalıdır) həmyerlisini oyun ərzində fasiləsiz kötəkləməsi rusiyalı həmkarlarımızın diqqətindən yayınmayıb. Limadan rəqibə cavab vermək istəyinin olub-olmamasını soruşublar: "Onun bu hərəkətini başa düşmək olar. Çünki Azərbaycan yığması uduzmağı heç istəmirdi. Mən isə ona 3 qolla cavab verdim. Azərbaycanın çox yaxşı komandası var. Biz isə onlara inamla qalib gəldik”.
Qeyd edək ki, Lima bu turnirdə bombardirlik yarışında mübarizəyə millimizlə 1/4 final oyununda (6:2) etdiyi het-triklə başlayıb.