Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Slovakiya yığmasına qarşı keçirəcək Azərbaycan millisi dünən gec saatlarda Levice şəhərinə çatıb.
Sportnet.az xəbər verir ki, komanda oyunöncəsi son məşqini bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) keçirəcək.
Millinin üzvü Ramiz Çovdarov azfutzal.az-a açıqlamasında həm komandadakı ab-havanı dəyərləndirib, həm də rəqib haqqında danışıb: “Komandada əhval-ruhiyyə yaxşıdır. Oyuna demək olar, tam hazırıq. Dünən gecə saatlarında oyunun keçiriləcəyi Levice şəhərinə çatdıq və bu gün axşam saatlarında oyunöncəsi son məşqimizə çıxacağıq. Heyətimizdə ciddi itkilər var. Rafael Vilela, Vassoura, Hadi Ahmadi və Bolinha bu oyunda bizə kömək edə bilməyəcəklər.
Oyunçu bu qədər futzalçının eyni vaxtda zədələnməsini komanda üçün itki hesab edib: "Əsas da “stolb” oyunçumuz azdır. Hazırkı heyətdə ancaq Xətai Bağırov bu mövqedə çıxış edir. Ona görə də taktiki planda dəyişikliklərin olacağı istisna edilmir. Çalışacağıq ki, onların yoxluğu oyunumuza və yekunda nəticəyə təsir etməsin.
Final mərhələsinə vəsiqəni təmin etmişik, amma tapşırığımız yekunlaşmayıb. Həm liderliyi təmin etmək baxımından, həm də reytinq xalları qazanmaq və millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq. Rəqibin əsas “silah”ı Drahovskidir. Oyunu onun üzərində qururlar. Məncə, ona oynamağa imkan verməsək, əsas təhlükənin qarşısını almış olacağıq. İlk işimiz isə baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək, oyunumuzu ortaya qoymaqdır”.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq. Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb