Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə Kramarenkonun diz əməliyyatı zamanı səhvən sağ meniskisini çıxarıblar.
Sportnet.az xəbər verir ki, bu barədə bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi İrina Viner danışıb.
“Lalə ötən yay əməliyyat olub. Onun səhvən sağlam meniskisini çıxarıblar. Hər dizdə iki menisk olur. Lalədə biri sağlam, digəri isə zədəli idi. Həkim zədəlinin əvəzinə sağlam olanı kəsib", - deyə o bildirib.
76 yaşlı mütəxəssis Kramarenkonun həkimlərinin Rusiyadan olduğunu açıqlayıb: "O, İsraildə bir ay bərpa prosesi keçdi, lakin artıq kəsilmiş şeyi bərpa etmək mümkün deyil. Əməliyyatı edən bizim həkimlərimizdir (Rusiya - red.), adlarını çəkmək istəmirəm. Mən belə həkimləri diplomlarından məhrum edərdim".
Baş məşqçi 20 yaşlı gimnastın idmana mümkün qayıdışı barədə də danışıb: "Qızımıza yazığım gəlir. O, bunu bilir və birtəhər məşqlərə qayıtmağa çalışır. Laləni tərk etmədiyimi göstərmək üçün hər şeyi edirəm. Bu qız karyerasını qurtarsa belə, onu sevdiyimi başa düşməsini istəyirəm".
Qeyd edək ki, Lalə Kramarenkonun atası Dmitri Kramarenko 1992 - 2005-ci illərdə Azərbaycan yığmasının formasını geyinib. O, hazırda Rusiyanın MOİK klubunda qapıçıların məşqçisidir.