
Belarusun idman və turizm nazirinin müavini Aleksandr Baraulya Gəncədə III MDB Oyunlarını işıqlandıran jurnalistlər üçün brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, Baraulya Sportnet.az-ın da suallarını cavablandırıb:
- Hansı emosiya və təəssüratlarınızı bölüşə bilərdiniz?
- İlk dəfə Azərbaycana - Gəncəyə gələndə nostalji hisslər keçirdim. Çünki iki il əvvəl Belarus MDB Oyunları keçirmişdik. Biz Oyunları 11 şəhərdə təşkil etmişdik. Mənim üçün xoş idi ki, Azərbaycandakı MDB Oyunlarının təşkilatçıları 7 şəhər seçiblər. Çünki bu, ölkəni, onun gözəl təbiətini göstərmək üçün çox yaxşı ideyadır. Ümumiyyətlə, Azərbaycan əhalisi, vətəndaşları qonaqpərvərdirlər. Bizi çox səmimiyyətlə və diqqətlə qarşıladılar. Görürük ki, yerindəcə qarşılanma da yaxşı təşkil olunub. Yerləşdirmə məkanları, qidalanma, infrastruktur, idman obyektləri xüsusilə xoş təəssürat yaradır. Gəncə İdman Sarayı multi-idman tiplidir. Burada 4 idman növü - qılıncoynatma, voleybol, atıcılıq və üzgüçülük üzrə yarışlar keçirilir, çox kompakt və genişdir. Öz nümayəndə heyətimiz də danışanda da onlar da xeyli müsbət fikirlər səsləndirir, təşkilatçılara belə qəbul üçün minnətdarlıq edirlər.
- İdmançılarınızın əhval-ruhiyyəsi necədir?
- Onlar çox razıdırlar. Məişət problemləri ümumiyyətlə yoxdur. Hamısı xoş təəssüratlar altındadır. Olduqları şəhərlərdə Azərbaycan mədəniyyətini öyrəniblər. Yəqin ki, idmançı kimi hamısı məhz idman yarışlarına kökləniblər. Təbii ki, bura ən yaxşı nəticələrini göstərməyə, medal qazanmağa gəliblər. Lakin rəqabət çox ciddidir. Deməliyəm ki, Rusiya, Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin komandaları rəqabət qabiliyyətlidir. Buna görə də hər gün bunu sübut etmək və medal qazanmaq lazımdır ki, ilk "3-lük"də olasan. Bu, kifayət qədər çətin olsa da, bizim uşaqlar çalışırlar və mümkün olan hər şeyi edirlər.
- III MDB Oyunları çərçivəsində münasibətlər iştirakçı ölkələr arasındakı əhval-ruhiyyəyə necə təsir edəcək?
- Sözsüz ki, pozitiv təsir edəcək. Çünki bura gələn idmançılar ünsiyyətdə olur, bir-birilərini tanıyırlar. Bu da bir imkandır. Azərbaycan və Rusiyanın qarşılıqlı münasibətlərinə gəldikdə, çox istidir, ən yüksək səviyyədədir. Azərbaycanın qonaqpərvərliyinə, istənilən idman tədbirini keçirmək imkanına malik olduğuna bir daha əmin olduq. Nə deyə bilərəm? İlk Avropa Oyunları 2015-ci ildə Bakı ən yüksək səviyyədə təşkil olunmuşdu, bir sıra dünya və Avropa çempionatları keçirmisiniz, yenicə nüfuzlu və təşkilati baxımdan çətin Formula 1 mərhələsini keçirmisiniz. Bütün bunların öhdəsindən uğurla gəlmisiniz.
- Gəncədə MDB ölkələrinin idman nazirlərinin iclası da keçirildi. Həmin toplantıda IV MDB Oyunları və ümumilikdə bu Oyunların perspektivləri barədə nələr danışıldı?
- Hamının MDB Oyunlarını davam etdirmək istəyi var. Növbəti təşkilatçının kim olacağına dair məsələlər var. Qazaxıstan və Qırğızıstanın müəyyən problemləri var. Lakin düşünürəm ki, ilin sonunadək bu məsələyə aydınlıq gələcək.
- Bəs Özbəkistana belə bir təklif olunmayıb?
- MDB Şurasında təklif olunub-olunmadığını bilmirəm. Təklif etsələr, fikrimcə, onların MDB Oyunlarını keçirmək üçün bütün imkanları var.
- II MDB Oyunları da Belarusun bir çox şəhərində keçirilmişdi. Azərbaycandakı ilə sizdəki arasında hansı fərqlər var?
- Burada 13 ölkə var, Belarusda isə daha çox - 22 dövlət iştirak edirdi. Bununla belə, burada çox güclü rəqabət var. Azərbaycan, Özbəkistan kimi ölkələrin güclü komandaları var. Özbəkistan Paris-2024 Yay Olimpiya Oyunlarında təkcə boks növündə 7 mümkün qızıl medaldan 5-ni qazanmışdı. Bu da bir göstəricidir. Taekvondoda medallar var idi. Ümumi komanda hesabında 12-ci yeri tutmuşdular. Onların da, Qazaxıstan və Azərbaycanın da ehtiyat qüvvəsi zəif deyil. Buna görə də buradakı Oyunlar keyfiyyətcə çox ciddidir.
- III MDB Oyunlarının keçirildiyi idman obyektlərində olmusunuz. Bölgələrimizdə hansı idman infrastrukturunu və fərqlilikləri gördünüz?
- Gəncədən əlavə, Mingəçevir, Yevlax və Göygöldə də olduq. Gözəl hazırlanmış obyektlərdir, müasir və çoxu yeni obyektlərdir. Gəncə İdman Sarayı barədə bayaq danışdım. Burada bir çox idman növü üzrə yarışlar keçirmək mümkündür. Azarkeşlər üçün hər cür şəraiti, geniş dəhlizləri var. Biz sözlə, hər şey əladır. Çox yaxşı infrastrukturunuz var.