
Azərbaycan karateçisi Roman Heydərov III MDB Oyunlarında kata yarışlarının qalibi olub.
A qrupunda o, türkmənistanlı Rəsul Atacanovu (24,6:22,2), qazaxıstanlı Yerdos Kenjaliyevi (23,5:22,9) və özbəkistanlı Səməndər Urazaliyevi (24:23,2) məğlub edərək yarımfinala yüksəlib. Heydərov burada rusiyalı Konstantin Sutyaqini (24,2:23,6) üstələyib və finala vəsiqə qazanıb.
Avropa çempionatının beşqat mükafatçısı olan idmançımız həlledici görüşdə yenidən Urazaliyevlə üz-üzə gəlib və 23,8:23,3 hesabı ilə qalib gələrək çempion tituluna sahib çıxıb.
26 yaşlı karateçi qələbədən sonra təəssüratlarını Sportnet.az-a bölüşüb:
“Öz vətənimizdə bayrağımızı qaldırıb, himnimizi gözəl xalqımızla birgə oxumaqdan gözəl hiss yoxdur. Hər bir Azərbaycan vətəndaşı bu duyğunu yaşamalıdır.”
Roman Heydərov yarımfinalda tanış rəqiblə qarşılaşdığını da vurğulayıb:
“Rusiya təmsilçisi ilə ötən MDB Oyunlarında da görüşmüşdüm. Bu dəfə də qalib gəlmək mənim üçün önəmli idi. Finalda üzləşdiyim özbək idmançının bu mərhələyə yüksəlməsi mənim üçün bir qədər sürpriz oldu. Amma o, istedadlı və gələcəyi parlaq idmançıdır.”
Heydərov yarışa xəstə halda qatıldığını da etiraf edib:
“Səhər saat 9-dan zaldakı hazırlıqlardayam. Gün ərzində beş dəfə tərləyib soyumuşam, nəticədə boğazım tutulub. Dərmanla hazırlaşmaq və qızışmaq asan olmadı, amma sona qədər mübarizə apardım.”