
Azərbaycan Badminton Federasiyasının prezident müşaviri Əjdər Cəfərov yarışlarla bağlı Sportnet.az-a açıqlama verib.
O bildirib ki, milli komanda bu yarışlara xüsusi hazırlıq proqramı çərçivəsində qatılıb:
“Bu oyunlara xüsusi hazırlıq proqramı çərçivəsində başlamışıq. Yarışlardan öncə təlim-məşq prosesi təşkil olunmuşdu. Ümumilikdə idmançılarımızın çıxışını yaxşı qiymətləndirirəm. Komandamızın bütün üzvləri yerli idmançılardır, legioner cəlb etməmişik. Bu da sevindirici haldır, çünki badmintona maraq günü-gündən artır. Yeniyetmə idmançılarımızın bu yarışda uğurlu çıxışı bizi çox sevindirir. Ümid edirəm ki, bu yarışlar onların texniki və taktiki cəhətdən inkişafına böyük töhfə verəcək, gələcəkdə daha uğurlu nəticələr qazanacaqlar.”
Qızıl medal qazanmaq üçün nə çatmadığını da qeyd edən Əjdər Cəfərov bildirib ki, əsas amil təcrübə çatışmazlığı olub:
“İdmançılarımızın texniki hazırlığı yüksək səviyyədə idi, lakin təcrübə azlığı özünü göstərdi. Ev sahibi olmamız məsuliyyəti bir qədər də artırmışdı. Əminəm ki, bu yarışlarda çıxış edən idmançılar gələcəkdə daha yüksək nəticələr əldə edəcəklər. Çünki bu oyunlar onların təcrübə qazanması baxımından çox önəmli idi.”