Son illər Azərbaycanın qadın idmançıları müxtəlif növlərdə dünya arenalarında uğurla çıxış edərək fəxri kürsüdə bayrağımızı dalğalandırırlar. Bunlardan biri də Avropa Oyunlarının sambo üzrə gümüş mükəfatçısı, cüdo və sambo üzrə bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı, gənc və perspektivli idmançı Nəzakət Xəlilovadır. Beynəlxalq qadınlar günü münasibətilə gənc idmançı ilə görüşüb, onunla həmsöhbət olduq...
- İlk növbədə, Sizi beynəlxalq qadınlar günü münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayıram.
- Çox sağolun, təşəkkür edirəm.
- 8 martda kimdənsə hədiyyə gözləyirsən?
- Təbii ki, bütün qadınlar kimi. Amma kimlərdən gözlədiyim sirr qalsın (gülür).
- Bəs, sən özün kimləri təbrik edəcəksən?
- Əlbəttə, ilk növbədə ailə üzvlərimi - anamı, qohumlarımı, sonra isə rəfiqələrimi və məşq yoldaşlarımı.
- Ümumiyyətlə, bu günü digər rəsmi günlərdən fərqləndirən nədir?
- Bu gün ancaq qadınlar üçündür. Qadınlar 8 martda kimlər üçünsə nə qədər vacib olduğunu hiss edirlər. Həm də hədiyyələr alınır, hədiyyələr verilir...
- İndiyə kimi sənin üçün ən yaddaqalan qadınlar günü nə vaxt olub?
- Düzü, deməzdim ki, yadda qalanı olub. Hər il eyni olur. Ən yaxşı halda dostlar tərəfindən bir neçə hədiyyə alıram.
- Bir az da idman həyatından danışaq. İndiyədək hansı uğurları qazanmısan?
- Avropa Oyunlarında çıxışlarım zamanı ciddi zədə aldığıma görə hələ ki, yarışlara qatılmıram. Bir müddət əvvəl əməliyyat olundum. Ona görə bir-iki ay çətin olsa da, müvəqqəti olaraq məşq etməməyə məcburam. Amma zədələrim tam müalicə olunduqdan sonra yenidən məşqlərə başlayacam, yarışlara qatılacam və əminəm ki, yenə də böyük uğurlar qazanacam.
- Bəs, gələcək üçün nə kimi planların var?
- Əsas planlarım idman karyeramla bağlıdır. Mən də bütün idmançılar kimi dünya və Olimpiya çempionatlarında ən azından iştirak etməyi qarşıma məqsəd qoymuşam. Bunun üçünsə əzmlə çalışıram. Əminəm ki, çəkdiyim əziyyətlər hədər olmayacaq. Yaxın gələcək üçün isə elə bir planlar yoxdu. Zədələrimlə əlaqədar bir müddət istirahət etməliyəm.
- Azərbaycan qadınlarını bu gün münasibətilə necə təbrik edərdin?
- Onlara can sağlığı, uğurlar arzulayıram. Həmişə dürüst və səmimi olmalarını diləyirəm (Qol.az).