Bakıdakı Dünya Təsnifat Turnirində 49 kiloqram çəki dərəcəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçusu Rüfət Hüseynovun Sportnet.az-a müsahibəsi
- Yarış haqqında təəssüratların necədir?
- Yarış, gözlənildiyi kimi, çox ağır keçdi. 3 görüş keçirdim. Rəqiblərimin hər biri özlüyündə iddialı boksçular idi. Onlardan ən çətini, əvvəlcədən planlaşdırıldığı kimi, yarımfinaladı Meksika təmsilçisi Xoselito Altamirano Velaskesə qarşı oldu. Hansı ki, bu döyüşdə birbaşa lisenziyanın taleyi həll olunurdu. Bu uğuru əvvəlcədən gözləyirdim. Çünki çox çalışmışdım.
- Çox gənc yaşına rəğmən, ölkəmizi olimpiada kimi mötəbər bir yarışda təmsil edəcəksən. Maraqlıdır, hansı hisslər keçirirsən?
- Mən tsikl ərzində 2014-cü ildə Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qalib olmuşam. Bu da Azərbaycan boksu tarixində ilk belə uğur idi. O zaman da çox sevincli idim. Amma təbii ki, həmin uğur hazırkı nailiyyətimlə müqayisə oluna bilməz. Çox sevincli olduğum qədər də böyük məsuliyyət hiss edirəm.
- Bilirsən ki, 12 illik aradan sonra ən yüngül çəkidə ilk təmsilçimizsən. Çəkinin də medalı yoxdur. Nə düşünürsən, bu sükutu səninlə poza bilərik?
-Bəli. Sonuncu dəfə Afinada ən yüngül çəki dərəcəsi 48 kq olarkən Ceyhun Əbiyevlə təmsil olunmuşuq. Azərbaycan boksunda ümumilikdə nəinki qızıl, heç gümüş də yoxdur. Boksçularımız bu günədək yalnız bürünc medallara seviniblər. Komanda olaraq, əsas məqsədimiz məhz finallarda təmsil olunmaq, qızıl medal - mümkün olsa, çoxlu sayda - qazanmaqdır. Niyə də ilk qızılı mən gətirməyim?! Ən böyük arzum və qarşıma qoyduğum məqsəd budur.
- Bu yolda əsas rəqiblərin kimlərdir?
- Olimpiadada sıradan idmançı olmur. Hər birinin ayrılıqda çətinliyi var. Xüsusən, irlandiyalı Padi Barnes və özbəkistanlı Həsənboy Dusmatovu qeyd edərdim. Hərçənd, Dusmatovu son dünya çempionatında məğlub etmişəm.
Sahib ƏSƏDBƏYLİ
Müsahibə AFFA yanında Media Komitəsinin dəstəyilə hazırlanıb.