Moldova Milli Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanovanın Sportnet.az-a müsahibəsi
- Kişinyovda yerli və azərbaycanlı jurnalistlər arasında futbol matçı keçirildi. Bu yoldaşlıq görüşünün keçirilmə ideyası necə yarandı?
- Fikrimcə, bu ideya Moldova İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eduard Çebanuya məxsusdur. Bildiyimə görə, bu 2 ölkənin jurnalistlərdən ibarət futbol komandaları möhkəm dostdurlar. Ona görə qarşı tərəfi yoldaşlıq görüşü keçirməklə bağlı uzun müddət razılığa gətirmək lazım olmadı. Mən artıq ikinci ildir belə bir tədbirdə, matçda iştirak edirəm. Bilirəm ki, mətbuat nümayəndələri bu matçdan böyük zövq alırlar. Dostdurlar və bu oyun onlar üçün lazım olan görüşdür. Belə ideyanı verənlərə mnnətdarlıq etmək lazımdır.
- Belə çıxır ki, onlar belə bir yoldaşlıq görüşü keçirmək istədiklərini dedilər, sizin qurum də bunu dəstəklədi...
- Bildiyimə görə, Moldova İdman Jurnalistləri Assosiasiyasının yaranmasının 20, Azərbaycanın dövlət müstəqqiliyinin bərpasının 25 illik yubileyidir. Bu, eyni zamanda mənim ad günümlə eyni vaxta təsadüf edir. Ona görə mənə burada olmaq ikiqat sevindiricidir.
- Ümumiyyətlə, ölkənizdə idman junalistlərindən ibarət komandanın səviyyəsini necə qiymətləndirirsiniz?
- Onlar bu yaxınlarda Balkan ölkələrinin çempionatında iştirak ediblər. Orada özlərini yetərincə yaxşı tərəfdən göstəriblər. Düşünürəm ki, komandanın yüksək səviyyəsi var. Mütəmadi yığışaraq oynamaqla, Olimpiya ideyalarına daha da yaxınlaşırlar. Ən əsası da budur. Peşəkar planda onlar jurnalistdirlər. Əsas odur ki, onlar öz işlərində olsunlar.
- Məhz öz işlərindəki səviyyələrinin necə olduğunu öyrənmək, buna qiymət verməyinizi istərdik. Moldovada neçə idman saytı, qəzeti var?
- Bunu demək mənim üçün çətin olacaq. Bir neçə idman saytımız var. Yeganə idman qəzetimiz, təəssüf ki, bu yaxında bağlanıb. Əvəzində illik nəşrimiz var. İdman mətbuatımızda vəziyyətin daha yaxşı olması arzulanandır. İstərdik ki, həm idman saytları, həm də qəzetimiz çox olsun. Düşünürəm ki, bizdə hər şey hələ irəlidədir. Hazırda olan nəşrlər lazımı səviyyəyə uyğun gəlirlər.
- Siz idman jurnalistikasını maddi planda dəstəkləyirsiniz, yoxsa bu, qeyri-mümkündür?
- Təbii ki, imkan daxilində dəstəkləyirik. Ancaq Milli Olimpiya Komitəsinin birbaşa öhdəçilikləri var. Bu da idmançıların yüksək nəticələrini dəstəkləməklə bağlıdır. İdman mediadımızı mənəvi cəhətdən dəstəklədiyimiz birmənalıdır. Ancaq digər səviyyədə dəstəkləməyi demək mənə çətindir.
- Moldovada idmanın, olimpiya hərəkatının səviyyəsini necə dəyərləndirirsiniz? İndi vəziyyət necədir?
- Belə deyək, bizdə nəticələr çox çətin olur. Çünki yüksək şəraiti olan idman obyektləri çox azdır. Bu isə yetərincə problem yaradır. Mən hələ məsələnin məğzini maliyyə məsələlərinin təşkil etməsindən danışmıram. Həmişə deyirəm ki, moldovalı idmançılar hər medalı qazanmağa layiqdirlər. Çünki müxtəlif yarışlara hazırlıqla bağlı üzləşdikləri çətinliklərə baxmayaraq, xarakter, əzmkarlıq və bunun sayəsində yetərincə yüksək nəticələr göstərirlər. Peşəkar təhlil aparılsa, yarışlara qoyulan maliyyə vəsaiti artıq olarsa, tam başqa mənzərə olacaq. Ona görə idmançılarımız haqda xoş fikirlər söyləyə bilərəm. Çünki çox çətin şəraitdə yüksək nəticələr nümayiş etdirə bilirlər.
- Son Yay Olimpiya Oyunlarında medalınız oldumu?
- Bəli. Kanoeçi Sergey Tarnovski "Rio-2016”da bürünc medalçı oldu. O, qardaşı Oleq Tarnovski ilə birgə 2 nəfərlik qayıqla da mübarizə aparmalı idi. Lakin dopinq-test qaydalarını pozduğunu əsas gətirərək, Oleqi olimpiadaya buraxmadılar. Hazırda biz bu qərardan şikayət etmişik və müvafiq beynəlxalq qurumlardan cavab gözləyirik.
- Moldova Mili Olimpiyada Komitəsinin (MOK) prezidenti Nikolay Juravski hansısa başqa vəzifədə çalışır?
- Bizim MOK-un prezidenti hazırda Moldova parlamentində deputatdır. Bu vəzifəsi idmanda çox şeydə kömək oldu. Çünki deputat olmaqla yeganə insan kimi idmanı irəliyə doğru aparır, insanlara idmanın mahiyyətini, bizim ölkəyə nə qədər lazım olduğunu izah edir. Juravski bu səviyədə olandan sonra idmana bir az başqa cür, daha ciddi yanaşmağa başlayırlar. Anlayırlar ki, bu, ölkəyə lazım olan sahədir və pul qoymağa başlayırlar.
- İdman federasiyanıza rəhbərlik edənlər necə, imkanlı şəxslərdir?
- Federasiya ictimai təşkilatdır və onlar özlərinə prezident seçirlər. İdman Nazirliyinin sükanı arxasında imkanlı adamlar var. İnzibati heyət qurumu çox ağılla idarə edir. Mən sizin nöqteyi-nəzərinizi başa düşürəm. İdeal olardı ki, bütün imkanlı insanlar hər bir sahə ilə yanaşı, idmana diqqət yetirməyin lazım olduğunu anlayardılar. Hər halda, biz yavaş-yavaş özümüz öyrənirik və bunu izah etməyə çalışırıq.