"Xəzər Lənkəran"ın yeni transferi Cahangir Həsənzadə Peşəkar Futbol Liqasının rəsmi saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu gün "Xəzər Lənkəran”la 1 illik müqavilə imzaladınız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik...
- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. "Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.
- "Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiniz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa iddialı "Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?
- Bəli, mən yenə sözümü deyirəm. Əgər hər hansı uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədir. "Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.
- "Xəzər Lənkəran” karyeranızın sonuncu klubu olacaq?
- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.
- "Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdur. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsınızmı?
- Əlbəttə, "Xəzər Lənkəran”da oynamaq iki qat çətindir. Çünki "Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdır. Bəli, cənubda oynamaq çətindir. Amma yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ "Xəzər Lənkəran”ın uğur qazanmasıdır.
- Klubunuzun mütləq hədəfi çempionluqdur. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdir?
- Topaz Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundur. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, "Xəzər Lənkəran” çempion ola bilər.