"Qəbələ” klubunun futbolçusu Rail Məlikovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ”nin 2013-2014-cü il mövsümündəki çıxışını necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, həm Azərbaycan Kubokunda, həm də Premyer Liqadakı nəticələrimiz uğurlu oldu. Çox istərdik ki, finalda qalib gəlib, Azərbaycan Kubokunu qazanaq, amma alınmadı. Oyunu uduzmasaq da, penaltilərdə uduzduq. Bu mövsümü "Qəbələ” üçün yüksək dəyərləndirirəm.
- "Qəbələ” ilk dəfə Avropa Liqasında çıxış edəcək. Komandanızdan hansı nəticəni gözləyirsiniz?
- Həm rəhbərlik, həm də qəbələlilər bu anı klub yarandığı gündən gözləyirdi. Həm rəhbərlik, həm də futbolçular olaraq çox ciddi hazırlaşırıq. Çalışacağıq ki, mərhələlər adlayaq.
- Bir müddət zədəli də oldunuz. Cari mövsümdəki çıxışınız Sizi qane etdimi?
- "Qəbələ”yə çox böyük ümidlərlə gəlmişdim. Baxmayaraq ki, əvvəllər "Neftçi”də də çıxış etmişəm, amma "Qəbələ” simpatiyam olan klublardan biri idi. Əsas heyətin oyunçusu idim. 5 oyun ardıcıl meydana çıxıdım. Altıncı oyuna hazırlaşarkən gözlənilməz zədə aldım. Bu zədənin bərpası da çox vaxt aparan oldu. 7 aydan sonra yaşıl meydanlara qayıtdım. Hesab edirəm ki, bu mövsüm mənim üçün uğurlu alındı, amma zədə baxımından bir az uğursuz oldu. Mənim zədəm çox ağır idi. Belə zədədən sonra futbolçu 8-9 aya ancaq toparlana bilir. Hazırda həkimlərlə bu zədənin tam aradan qaldırılması üçün işləyirik. Çalışacağam ki, Avropa Liqası oyunlarına kimi, tam formada olum.
- Klubla olan müqavilənizin vaxtı bitib?
- Hazırda "Qəbələ” ilə müqaviləm başa çatıb. Hesab edirəm ki, yaxın günlərdə klub rəhbərliyi bu məsələyə baxacaq. Mən də çox istərdim ki, qalım, "Qəbələ”nin formasını geyim.
- "Qəbələ"yə Yuri Syominin baş məşqçi olduğu vaxt gəlmişdiniz. Onun istefasının Sizə və komandanıza mənfi təsir edəcəyindən çəkinmirsiniz?
- Təbii ki, Syominin gedişi hamını təəccübləndirdi. Açığı, bir az gözlənilməz oldu. Yəni kollektiv olaraq ona öyrəşmişdik. Özümə gəldikdə, Syominin vaxtında kluba gələrkən, o, mənim qara qaşıma, qara gözümə vurulub, şans verməmişdi. İndi yeni baş məşqçi gələndə də hamı çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin. Bu vaxta kimi rəqabətdən çəkinməmişəm. Düşünmürəm ki, yeni baş məşqçi gəlib, məni istəməz. Mən öz gücümə inanıram.
- Hazırda müqaviləsi başa çatmış futbolçusunuz. Başqa klublardan təklif almamısınız?
- Açığını desəm, "Qəbələ”yə görə başqa heç bir klubla maraqlanmıram.
- Marat İzmaylov çıxışlarında özünü elə də zəif göstərmədi. Onun klubdan ayrılması ilə bağlı nə deyə bilərdiniz?
- O, komandamızda icarə əsasında çıxış edirdi. Həm insan, həm də futbolçu kimi özünü yaxşı tərəfdən göstərdi. Mən də onunla tanışlığa çox şad oldum. Çox sadə, klub tərəfindən sevilən insan idi. Hesab edirəm ki, qalsaydı, komandaya çox kömək edərdi.
- Özü "Qəbələ”də qalmaq istəmədi, ya necə?
- Hesab eləmirəm ki, elə olsun. Çünki özü də burada xoşbəxt idi. Onu da deyim ki, "Qəbələ” həm yerlilərin, həm də legionerlərin ən çox qalmaq istədiyi klublardan biridir.
- Əvvəllər çıxış etməyinizə baxmayaraq, son vaxtlar milliyə dəvət almırsınız. Bunu nə ilə əlaqələndirərdiniz?
- Mən zədədən təzə qayıtmışam. Millinin birinci dəfə heyəti açıqlananda mən hazır deyildim. Millimizə də uğurlar arzulayıram. Ümid edirəm ki, ABŞ-la yoldaşlıq görüşündə qələbə qazacaqlar.
Elmar VƏLİYEV