"Qəbələ” Futbol Akademiyasının sabiq direktoru Ali Yavaşın Sportnet.az-a müsahibəsi...
- Bu gün Arda Turanın Avropa mətbuatının gündəmində olması ilk sualımızı şərtləndirir. Tələbinzin UEFA Çempionlar Liqasının finalında iştirak etməməsi niyə birmənalı qarşılanmadı?
- Əlbəttə, "Real Madrid"lə Çempionlar Liqasının final qarşılaşmasında "Atletiko”nun oynaması bizim üçün qürurverici bir haldır. Ardanın həmin gün meydanda olub-olmaması önəmli deyildi. O, "Atletiko”nun bir parçasıdır, bu komandanın İspaniya çempionu olmasında böyük pay sahibidir və bu gün də bu klubun uğurları üçün çalışır. Əlbəttə, məhz milli futbolçumuza görə "Atletiko”nun Çempionlar Kubokunu başı üzərinə qaldırmasını istərdik. Lakin istənilən klub üçün final oynamaq belə böyük şərəfdir.
- Ardanın karyerasını harada davam etdirəcəyi də böyük maraq doğurur. Bu barədə nə deyə bilərsiniz?
- İki gün öncə Bakıda idim. Paytaxtınızda onunla görüşdüm, söhbətləşdim. Mənə dedi ki, yaxın 2-3 ili "Atletiko”da keçirəcək. Ancaq "futbol mətbəxi” hər gün fərqli qaynayır. Bildiyiniz kimi, Türkiyə millisinin yarımmüdafiəçisi İngiltərə "Mançester Yunayted”inin maraq dairəsindədir. Futbolçu bu gün bir, sabah isə digər klubda oynaya bilər. Hər halda mənə "Atletiko”da xoşbəxtəm və Madriddən getmək istəmirəm” deyib. Bunu da başlıca səbəblərindən biri yarımmüdafiəçinin klub fanatları tərəfindən çox sevilməsidir.
- "Qəbələ Kuboku”nu canlı izləyirsiniz. Turnir barədə fikirləriniz də maraqlı olardı...
- Təşkilatçılıq hər zaman olduğu kimi, ən yüksək səviyyədədir. Düşünürəm ki, iştirakçılar, onlara yaradılan şəraitdən tam razıdırlar. Futbolçulara lazım olan hər bir şey var.
- Keçmiş tələbələrinizə hansı tövsiyələri verə bilərdiniz?
- Bu uşaqların burada olmadığım müddətdə böyüməsinə, peşəkarlaşmasına, inkişaf etməsinə olduqca çox sevinirəm.
- Sizin dövrünüzün "Qəbələ”si və hazırki "Qəbələ” U-15: müqayisə etsəniz, xələfiniz Stenli Brard nələrə nail olub?
- Bu dərinliklərə baş vurmaq istəmirəm. O da öz işini bilən güclü mütəxəssisdir və hesab edirəm ki, "Qəbələ”nin Futbol Akademiyasının inkişafı üçün əlindən gələni edir.
- Fatih Terimi "Qəbələ Kuboku”na gətirəcəyinizə söz vermişdiniz...
- Onu bura qonaq kimi dəvət edəcəyimə dair söz vermişdim. Hazırda isə, bildiyiniz kimi, mən "Qəbələ”də çalışmıram. Buna baxmayaraq, ümid edirəm ki, gələcək mövsümlərdə Fatih Terim Qəbələ Kubokunu ziyarət edə bilər.