
Mayın 6-da Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən güləş üzrə II Dünya təsnifat turniri keçiriləcək. Sportnet.az-ın məlumatına görə, üç gün davam edəcək turnirdə Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığma komandalarının 4 üzvü lisenziya uğrunda yarışacaq.
Yunan-Roma güləşi növündə Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşində isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) çıxış edəcək.
Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, ertəsi gün qadın güləşçilər mübarizə aparacaq. Görüşlərin idarə edilməsində Azərbaycanı I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək. Hər bir çəki dərəcəsində finala yüksələn güləşçi həm də olimpiadaya vəsiqəni təmin edəcək.
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilər olimpiadaya tam heyətlə qatılacaq. Bu komanda 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olub.