Bu gün Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Azərbaycan təmsilçilərindən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu Rəsul Çunayev, eləcə də Şalva Qadabadze mübarizə aparıb. 66 kq çəki dərəcəsində çıxış edən Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və "Rio-2016"ya vəsiqəni təmin edib. Final görüşündə güləşçimiz Qırğızıstandan Ruslan Tsarev üzərində də inamlı qələbə qazanıb.
98 kq çəkidəki Qadabadze isə yarışa 1/8 final mərhələsindən avstriyalı Daniel Qastla qarşı döyüşlə başlayıb. Həmin görüşü qələbə ilə başa vuran Şalva növbəti döyüşdə norveçli Feliks Baldofa məğlub olaraq yarışı uğursuz başa vurub.
66 kq
1/16 final. Dominik Etlinger (Xorvatiya) - Rəsul Çunayev - 0:10 (Çunayev 19 saniyəyə qalib gəldi).
1/8 final. Rəsul Çunayev - Pavel Lyax (Belarus) - 9:7
1/4 final. Rəsul Çunayev - David Kareçinski (Polşa) - 1:6
1/2 final. Rəsul Çunayev - Artak Marqaryan (Fransa) - 8:0 (68 saniyə)
FİNAL. Ruslan Tsarev (Qırğızıstan) - Rəsul Çunayev - 0:6
98 kq
1/8 final. Daniel Qastl (Avstriya) - Şalva Qadabadze - 0:2
1/4 final. Şalva Qadabadze - Feliks Baldof (Norveç) - 2:12
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək "Rio-2016"ya 13 lisenziya qazanıb. Sərbəst güləş yığması olimpiadaya tam heyətlə - 6 pəhləvanla qatılacaq. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olub.