Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandanın üzvləri və məşqçi heyəti ilə görüşüb. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Federasiya prezidenti "Rio-2016"da ölkəmizi təmsil edəcək 6 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.
Vitse-prezidentlər Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli çıxış edərək əsas milli komandamızın son 9 ay ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, Avropa çempioanatı, "Böyük Dəbilqə" və "Qran Pri" turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıblar. S.Sadıqov ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Baş məşqçi Peter Zayzenbaher və millinin kapitanı Elxan Məmmədov onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ölkəmizi Rio Yay Olimpiya Oyunlarında 6 cüdoçu - Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90kq), Elmar Qasımov(100 kq) və Kokauri Uşangi (100+kq) təmsil edəcək.
Cüdoçularımız iyulun 19-dan 25-dək Almaniyanın Berlin şəhərində olimpiadaya təlim-məşq toplanışını davam etdirəcəklər. İyulun 25-də isə yığma üzvləri Berlin - Paris - Rio reysi ilə Braziliyaya gedəcəklər.